Cəlilabad kartofunun 80 faizi xarici ölkələrə ixrac edilib

Fevralın 14-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2019-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.

İclasda hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, ötən il Cəlilabad rayonu üçün də uğurlu olub, ümumi məhsul buraxılışının həcmi 85 faiz artıb. Rayonda 267 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 131 milyon manatı və ya 49,2 faizi bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8 faizi heyvandarlığın payına düşür.

Rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Bu dövrdə, həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 16,9 min ton üzüm, 7,5 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunub. Əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılıb. Sahələrdən 110,6 min ton kartof istehsal edilib. Bunun 80 faizi xarici ölkələrə ixrac olunub. Ötən il Cəlilabadda 505 hektar sahədə əkilən pambığın hər hektarından 28 sentner məhsul götürülərək 1446 ton pambıq istehsal edilib. Bu, respublika üzrə ən yüksək rəqəmdir.

Bu dövrdə rayonda baramaçılığın inkişafı məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 6000 ədəd tut tingi əkilib. İl ərzində kümçülər 1172 kiloqram yaş barama istehsal edərək qəbul məntəqəsinə təhvil veriblər.

Diqqətə çatdırılıb ki, ötən il rayonda sosial məsələlərin həllinə diqqət artırılıb. Cəlilabad şəhərində ümumi sahəsi 18740 kvadratmetr olan 25 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları, Qurtuluş küçəsindəki hasarlar və piyada yolları, Heydər Əliyev prospektində və Qurtuluş küçəsində 500-dən artıq işıq dirəyi əsaslı təmir olunub.

Cəlilabad şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırıldıqdan sonra həmin proses zamanı dağılmış küçələrin bərpasına başlanılıb və qısa müddətdə 14,5 kilometr asfalt döşənib. Bundan başqa, 9,7 kilometrlik Cəlilabad-Uzuntəpə yolunun yenidən qurulub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilib, Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilib, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılıb. Yaxın günlərdə Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşənəcək, Uzuntəpə kəndində xalça istehsalı emalatxanası tikiləcək.

Ötən il rayonda 8046 iş yeri açılıb ki, bunun da 756-sı daimi iş yeridir.

Qeyd olunub ki, rayonun 5 kəndində modul tipli məktəb binasının inşası başa çatdırılıb. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta, 10 kənddə isə modul tipli məktəb binalarının tikilməsi nəzərdə tutulub.

Çıxış edənlər 2018-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov və Fəzail İbrahimli ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul edilib, Prеzidеnt İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

Bütün xəbərlər Facebook səhifəmizdə