Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Fevralın 14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development – ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.
SİA xəbər verir ki, konfransda çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov davamlı inkişafın sosial-iqtisadi problemlər kontekstində aktual çağırış olduğunu bildirib. Professor UNEC-in qlobal iqtisadiyyatın çağırışlarına dair bir sıra beynəlxalq konfranslara ev sahibliyi etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Beynəlxalq konfransın təşkilat komitəsinin sədri Domagoj Cingula 37-ci konfransın Azərbaycanda UNEC-in dəstəyi ilə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb.
Tədbir dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi ətrafında çıxışlarla davam edib.
Qeyd edək ki, tədbir ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.
Konfransın elmi məqalələrin dərc olunduğu kitab və CD iştirakçılara təqdim olunub. Qəbul edilmiş məqalələrin “Web of Science”da və “EconLit”də dərc olunması nəzərdə tutulub.
Tədbirdə Təhsil, İqtisadiyyat, Vergilər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak ediblər. Həmçinin 16 ölkədən ali məktəblər, o cümlədən, “London`s Global University” (İngiltərə), “University of Siegen” (Almaniya) və digərləri təmsil olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə