AQSİA-da turizm şirkətlərinin nümayəndələri ilə görüş olub

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nəzdindəki turizm və otelçilik işinin təşkili komissiyası çərçivəsində turizm şirkətlərinin nümayəndələri üçün görüş təşkil olunub. SİA xəbər verir ki, görüşdə AQSİA-nın sədri, turizm və otelçilik işinin təşkili komissiyasının sədri və bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva bu sektorda qadın sahibkarların rolundan danışıb, öz tövsiyələrini verib, onların problemlərini dinləyib.
Bakı Peşə Turizm məktəbinin direktoru Nilufər Kərimova məktəbin məzunlarının savadlı kadr kimi yetişdiyini və onların bu sahədə bacarıqlı olduqlarını qeyd edib, şirkətlərə martın 1-dən başlayacaq turizm üzrə təcrübə kurslarından bəhs edib.
Sonra turizm şirkətlərinin nümayəndələrinin fikirləri dinlənilib.
Komissiyasının sədri Cəmilə Abdullayeva səsləndirilən məsələlərlə fikirlərini bildirib, eyni zamanda, Azərbaycanı düzgün təbliğ etmək üçün videoçarx, çap işlərinin hazırlanmasının və beynəlxalq tədbirlərə gedən nümayəndələrinin hazırlıq səviyyəsinin vacibliyini vurğulayıb. O, bu sektorda yeni turizm xətlərinin hazırlanmasını və əyləncə sahələrinə olan tələbatdan da danışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə