Su təchizatı ilə bağlı sərəncam uğurlara yol açır TƏHLİL

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə başçısının, Cənab Prezident İlham Əliyevin sərəncamı həm vətəndaşların içməli su probleminin həllinə, həm də kənd təsərrüfatının inkişafının təmin edilməsinə hesablanıb. Hazırda qeyri-neft sektorunun inkişafının təmin edilməsi, kənd təsərrüfatı məhsulları bolluğunun yaradılması, istehsalının, emalın həcminin artırılması, ümumilikdə ölkə iqtisadiyyatının daha da gücləndirilməsi üçün həmin sərəncamın əhəmiyyəti olduqca böyükdür.

Su ilə təchizatının kənd təsərrüfatının, ölkə iqtisadiyyatının inkişafına öz tövhələrini verəcəyinə zərrə qədər şübhə yoxdur

Ölkə başçısının sərəncamı ilə əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması böyük əhəmiyyətə malikdir və məhz bu səbəbdən də diqqət mərkəzindədir. Yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsi və qazılmasını nəzərdə tutan sərəncam uğurlu iqtisadi və sosial siyasətin təstiqidir.
Əvvəla, təsərrüfatların, əkin sahələrinin su ilə təchizatı ilk növbədə əkinçilik üçün ən arzuolunandır və bu tədbirlər kənd təsərrüfatının, ölkə iqtisadiyyatının inkişafına öz tövhələrini verəcəyinə zərrə qədər şübhə yoxdur. Çünki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən tutmuş, məhsuldarlığa qədər bütün dövr ərzində suya tələbat inkar edilə bilməz. Onu da nəzərə almaq lazımdır ki, su təchizatının lazıminca təmin edilməsi məhsuldarlığa öz müsbət təsirini də göstərməkdədir və bu da nəticə etibarı ilə kənd təsərrüfatının inkişafı, ərzaq məhsullarının bolluğu, qida təhlükəsizliyinin təmin edilməsi və digər istiqamətdə çox dəyərlidir.
Digər tərəfdən, əhalinin içməli suya olan tələbatının ödənilməsi öz aktuallığını hər zaman qoruyub saxlayır və heç də az əhəmiyyətli məsələ deyil. Ölkə vətəndaşlarının yaşayış şəraitinin, rifah halının yaxşılaşdırılması dövlətimizin əsas priritetlərindəndir. Vətəndaşlara qayğı, sosial siyasət dövlət başçısının daim diqqət mərkəzindədir. Həmişə olduğu kimi, hazırda bu strategiyanın, dövlətin bütün sahələrdə olduğu kimi sosial siyasətinin də mərkəzində vətəndaş, insan amili dayanır.

Su təsərrüfatı obyektləri içməli suya olan tələbatın ödənilməsi, məhsul istehsalının daha da artırılması üçün strateji əhəmiyyətlidir

Su təchizatının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Ayrılan vəsait bu vaxta qədər məhz bu istiqamətdə görülən işlərin davamı, məntiqi ardıcıllığı üçün nəzərdə tutulub.
Xatırlamaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılıb və istifadəyə verilib. Həmin məqsədlə 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subartezian quyusunda qazma işləri aparılmaqdadır.
Nəzərə almaq lazımdır ki, su təsərrüfatı obyektləri ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının daha artıq inkişaf etdirilməsi üçün strateji əhəmiyyətlidir. Bir sıra iri su təsərrüfatı obyektlərinin tikilib istifadəyə verilməsi on minlərlə hektar yeni suvarılan sahənin əkin dövriyyəsinə daxil edilməsi deməkdir. Mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması isə məhsuldarlığın əhəmiyyətli dərəcədə artımına əsaslı zəmin yaradır. Təbii ki, su təchizatının günü-gündən yaxşılaşdırılması, şəxsən dövlət başçısının rəhbərliyi ilə bu sahədə dövlətimizin gördüyü işlər eyni zamanda, rayon mərkəzləri və onlara bitişik yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsi üçün əvəzsizdir. Heç şübhəsiz ki, su kimi əvəzolunmaz nemətlə təchiz olunmuş ərazilərdə məskunlaşan insanlar dövlətimizin, ələlxüsus dövlət başçımızın diqqət və qayğısından çox razıdırlar.
Respublikamızda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı diqqətdən yayına bilməz. Digər sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da köklü dəyişikliklər göz qabağındadır. Məsələ burasındadır ki, regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması bu köklü dəyişiklikləri, sürətli inkişafı şərtləndirən ən başlıca amillərdir. Sözsüz ki, bu amillər də nailiyyətlərin əldə olunmasında xüsusi rol oynayır və məhz buna görə də hazırda da bu işlər uğurla, eyni zamanda məqsədyönlü, düşünülmüş şəkildə davam etdirilir. Ən yaxın gələcəkdə isə daha böyük uğurların əldə olunması artıq günün reallığına çevrilib. Bir sözlə, su təchizatı ilə bağlı sərəncam uğurlara yol açır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə