Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, sadə hərrac prosedurları və geniş seçim imkanları ilə vətəndaşlar hərracda aktiv formada iştirak ediblər. Elektron hərrac fürsətlərindən istifadə edən 5 vətəndaş olduğu məkandan seçdiyi dövlət əmlakının sifarişçisinə çevrilib. Qeyd edək ki, budəfəki hərracda 30 dövlət əmlakına ümumilikdə 36 sifariş qəbul edilib.

Hərracda özəlləşdirilən səhmdar cəmiyyəti Tərtər şəhəri, V.S.Həsənov küçəsində yerləşir. “Tərtər İxtisaslaşdırılmış Nəqliyyat”-ın 44%-lik səhm paketini investor 6 251 manata özəlləşdirib. Ümumi faydalı sahəsi 13,1 kv.m ilə 726.3kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri paytaxtla bərabər digər şəhər və rayonlarda yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsindəki emalatxananın ümumi faydalı sahəsi 582.6 kv.m-dir. İştirakçı bu dövlət əmlakını torpaq sahəsi ilə birgə 38 min manata özəlləşdirib. “Şəkisutikinti” Törəmə Müəssisəsinin isə ümumi faydalı sahəsi 726.3 kv.m-dir. Şəki şəhəri, Oğuz şosesindəki obyekt 46 136 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Hərracda öz sahibini tapan digər kiçik dövlət müəssisələri isə paytaxtın Xəzər, Sabunçu və Nəsimi rayonlarında eləcə də, Qax, Lənkəran və Beyləqan rayonlarındakı ictimai iaşə və ticarət obyektləridir.

Özəlləşdirilən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 36.4 kv.m ilə 267.6 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 101.2 kv.m-dir. Hərrac iştirakçısı bu obyekti 7 500 manata özəlləşdirib.

Nəqliyyat vasitələrinə yüksək maraq budəfəki hərracda da müşahidə edilib. Belə ki, iştirakçılar tərəfindən buraxılış tarixi 2005-2008 intervalında olan 12 avtomobil özəlləşdirilib. Nəqliyyat vasitələri BMW, “Volkswagen”, “Fiat” və QAZ markalarına aiddir. Özəlləşdirilən avtomobillərin yekun qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac fevralın 19-da keçiriləcək. Hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir. Hər kəs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşula bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə