Orta aylıq nominal əməkhaqqı 782,6 manat olub

Bakı Şəhər Stastika İdarəsi yeni məlumatlar açıqlayıb

"2018-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 0,7 faiz artaraq, 41,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma, 15,6 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil etmişdir". Bu barədə SİA-ya açıqlamasında Bakı Şəhər Stastika İdarəsindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, 2018-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində yüksək gərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris binası, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Binəqədi Rayon Məhkəməsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Gənclər Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən avtomobil yolu, 520 çarpayılıq 2 xəstəxana, 3500 şagird yerlik ümumitəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir. İdarədən verilən məlumatda o da bildirilib ki, 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə 3,8 faiz artaraq, 20797,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 3,4 faiz artaraq, 10074,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10722,6 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 23,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır: "2018-ci ildə ictimai iaşə dövriyyəsi əvvəlki illə müqayisədə real ifadədə 8,9 faiz artaraq, 1054,1 milyon manat olmuşdur. Dövriyyənin 43,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat ilində hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilə nisbətən 12,9 faiz artaraq, 453,7 milyon manat təşkil etmişdir".

Verilən məlumatda qeyd olunur ki, 2018-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,1 faiz artaraq, 782,6 manat olmuşdur: "Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur".

Qismət İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə