Azərbaycanda sosial siyasət daha da güclənəcək TƏHLİL

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə minimum əmək haqqının 38,5 faiz artırılaraq 180 manata çatdırılması heç də sıradan bir hadisə deyil və böyük əhəmiyyətə malikdir. Bu sərəncam ölkədə vətəndaş amilinə diqqətin günü gündən artdığı təsdiq edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumu eyniləşdirildi və bu dövlətin, şəxsən ölkə başçımızın vətənaşlara olan diqqətinin, qayğısının bariz nümunəsidir.

Minimum əmək haqqı barədə sərəncam vətəndaşlarının yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir

Özəl sektorda məvacibləri tənzimləyə biləcək yeganə mexanizm minimum əmək haqqı barədə sərəncamdır. Əmək qanunvericiliyinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq heç kəs öz işçisnə bu məbləğdən aşağı əmək haqqı verə bilməz. Bu isə o deməkdir ki, vətəndaşların əmək haqqlarının artmasına, minimum yaşayış şəraitinin tənzimlənməsinə, sosial durumun yaxşılaşmasına mütəmadi olaraq dövlət tövhələr verməkdədir və bu sərəncam da məhz ölkə vətəndaşlarının yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Təxmini hesablamalara görə, minimum əmək haqqının artımı ölkədə 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Daha dəqiq desək həmin sayda insanın əmək haqlarının artımı müşahidə olunacaq. Bunlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olacaq. Bu artım müvafiq olaraq əmək haqlarının üçdə biri və dörddə biri misli deməkdir ki, bu rəqəm əhəmiyyətli dərəcədə artımdan xəbər verir.

Sosial siyasət hökumətin prioritet məsələsi hesab olunur və bu siyasətin mərkəzində vətəndaş amili dayanır

Ölkə başçısının başqa bir sərəncamı ilə, bütün növ əmək pensiyalarının da sığorta hissəsi artıtılıb. Bir sözlə, əmək pensiyalarının da məbləğində artım var. Ölkə vətəndaşları bu artımın davamlı xarakter aldığının artıq dəfələrlə şahidi olub və təqaüdçülərin rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, verilən qərarlar ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Vətəndaşların dövlət siyasətini, ölkə başçısını dəstəkləməsi, hər zaman öz prezidentinin yanında olması göründüyü kimi heç də təsadüfi deyil.

Tendensiyaların təhlili təsdiq edir ki, sosial siyasət hökumətin prioritet məsələsi hesab olunur və bu siyasətin mərkəzində vətəndaş amili dayanır. İldən ilə hökumət sosial siyasətini daha da gücləndirir və vətəndaş, insan amilinə daha çox üstünlük verilir. Prezidentin şəhid ailələrinə sığorta pulunun verilməsi ilə bağlı sərəncamı da bu konteksdə çox təqdirəlayiqdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu sərəncam şəhid məqamına, şəhid ruhuna olan hörmət və ehtiramı ifadə edir, şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu təsdiq edir.

Hökumətimizin sosial siyasəti, sosial yönümlü qərarları bir neçə il bundan öncəki devalvasiyanın mənfi təsirlərindən qorunmaq üçün əsl tövhədir

Yaşayış şəraitinin çətinliyi dünyada daha qabarıq şəkildə duyulmaqda olduğu halda, Azərbaycanda nəzərəçarpacaq dərəcədə hiss olunmur. Doğrudur, 2015-2016-cı ildə baş vermiş devalvasiyanın, özü də 122 faizlik devalvasiyanın fəsadlarının hələ tam aradan qaldırılması müşkül məsələdir. Aztəminatlı təbəqənin dolanışığına bu fəsadların mənfi təsirini inkar etmək də olmaz. Lakin hökumətimizin sosial siyasəti, bu fəsadları neytrallaşdırmaq üçün atdığı addımlar, qəbul etdiyi qərarlar da var və dövlətin bu fəaliyyəti fəsadların mənfi təsirlərindən qorunmaq üçün əsl tövhədir.

Qaçqın və məcburi köçkünlər qeyd olunan fəsadlarla daha çox qarşılaşmalı olduqları üçün və mənfi təsirlərdən qorunması məqsədi ilə dövlət qayğısını bir an belə əsirgəmir. Yurd-yuvasından didərgin salınmış məcburi köçkünlərin mənzillə təmin olunması bu qayğının bariz nümunəsidir. Mənzilə ehtiyacı olan insanların mənzillə təmin olunması onlar üçün ən böyük kömək hesab olunur. Bu köməyi, bu qayğını görmək, hiss etmək heç də çətin deyil və göz qabağındadır. Eyni zamanda sosial infrastrukturun yenidən qurulması məcburi köçkünlərin üzləşə biləcəyi fəsadların mənfi təsirlərin qorunmasına hesablanıb və hökumətimiz bu siyasəti yalnız alqışla qarşılanır.

Sosial Tədqiqatlar Mərkəzinin yaradılması Azərbaycan vətəndaşlarının ehtiyaclarının daha dərindən araşdırılması və qarşılanması deməkdir

Prezident İlham Əliyevin Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqda sərəncamı da əhəmiyyətinə görə heç də digərlərindən geri qalmır. Heç şübhəsiz ki, ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq humanist addım kimi dəyərləndirilməlidir və dəyərləndirilir də. Təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək mühüm əhəmiyyət kəsb etməklə yanaşı, dövlətin, dövlət başçısının diqqət və qayğısını əks etdirir. Bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqda sərəncam da öz növbəsində hökumətimizin, şəxsən Cənab Prezident İlham Əliyevin iradəsi sayəsində sosial siyasətə xidmət edir ki, bunun da kökündə eyni zamanda vətəndaş, insan amili dayanır.

Sosial sektorda real vəziyyəti hərtərəfli öyrənmədən effektli sosial siyasət yürütmək çətin olduğu üçün bu sektorda beyin mərkəzinin yaradılmasına və müstəqil tədqiqatlar, sorğular aparılmasına ehtiyac duyulur. Məhz bu ehtiyacın təmin edilməsi üçün isə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması lazım gəlir. Məsələ burasındadır ki, tədqiqatlar, sorğular aparılması, bütün bu ehtiyacların təmin edilməsi ümumilikdə insanlarının, daha dəqiq desək Azərbaycan vətəndaşlarının ehtiyaclarının araşdırılması və qarşılanması deməkdir. Hətta ehtiyacların təyin edilməsi üçün aparılan tədqiqatlar eyni zamanda o deməkdir ki, vətəndaşlarımızın qarşılaşa biləcəyi sosial yönümlü məsələlərlə dövlətimiz, dövlət başçımız daha dərindən maraqlanır və ortaya çıxa biləcək məsələlərin həlli üçün də qayğı göstəriləcək. Bütün bunlar təsdiq edir ki, hökumətimiz, şəxsən Cənab Prezident İlham Əliyev sosial problemlərin həllinə daha çox diqqət yetirir və bu tendensiya getdikcə güclənir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə