Azərbaycanın inkişafı və etibarlı tərəfdaş olması dünya miqyasında qəbul edilən reallıqdır

Davosda 49-cu dəfə təşkil olunan Dünya İqtisadi Forumu öz işinə başlayıb. Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk faktorlarının müzakirəsi baxımından diqqət çəkəcək. Dünya İqtsadi Forumunda 110 ölkədən 3 mindən çox siyasətçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının 350-dən çox nümayəndələri iclasda iştirak edir. Azərbaycan bu forumda 12-ci iştirakıdır. Yanvarın 25-dək davam edəcək forumun əsas mövzusu "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması"dır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bir kəmər, bir yol" təşəbbüsünün tərəqqisi. Çinin trilyon dollarlıq baxışı" sessiyasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilə yanaşı, foruma 60-dan çox ölkənin rəhbəri, o cümlədən, Yaponiyanın baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstan prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh, Ermənistanın baş naziri Nikol Paşinyan və digərləri qatılacaq. Həmçinin, BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta Fondu, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Davos İqtisadi Forumu və Azərbaycan

2013-cü il.Ümumdünya İqtisadi Forumunun Bakıda keçirildiyi tarixi il. Forumun Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərar ölkəmizin artan iqtisadi imkanlarının və nüfuzunun təsdiqidir. Bu, həqiqətən də, belədir. Çünki bu gün Azərbaycan artıq bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qazanan inkişaf etmiş bir ölkədir. Çünki bu gün çağdaş dünyamızı düşündürən bir sıra aktual məsələlər, məhz Bakıda müzakirə olunur. 2013-cü il Azərbaycanda həm də "İnformasiya-Kommunikasiya Texnologiyaları İli" elan edilmişdir. Təbii ki, forumun Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulunda bu amillər əsas rol oynayıb. Davos Forumunun Bakıda keçirilməsi region üçün yeni imkanlar yaratdı. Bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biri hesab olunur. Bütövlükdə, dünya dövlətləri cərgəsində özünəməxsus yeri ilə seçilən, sürətli inkişafı ilə bir çox ölkələrə örnək olan müstəqil və qüdrətli Azərbaycan Respublikasının güclü sosial-iqtisadi tərəqqisi və dayanıqlı inkişafı sahəsində qazandığı uğurlar, məhz Ulu Öndər Heydər Əliyev siyasətinin və bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin apardığı alternativsiz siyasətinin məntiqi nəticəsidir. Bütövlükdə, 2013-cü ildə keçirilən 43-cü Davos İqtisadi Forumu Azərbaycanın dünya birliyindəki yerini, dünyanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu, sürətli inkişafını bir daha beynəlxalq ictimaiyyətə tanıtdı. Forum, həm də onu sübut etdi ki, Azərbaycanın qlobal məsələlərdə həyata keçirdiyi siyasət və nümayiş etdirdiyi mövqe beynəlxalq miqyasda qəbul olunur.

Dövlət başçısı İlham Əliyev Davosda "CNN-İnternational" televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, bu gün bizim iqtisadiyyatımız çox sabitdir: "Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir".

Dövlət başçısı İlham Əliyev forum çərçivəsində keçirilən sessiyalarda, görüşlərdə də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək, uğurlarımızın gələcək illər barədə aydın təsəvvür yarandığını diqqətə çatdırıbdır. Dövlət başçısı İlham Əliyevin qeyd olunan müsahibədə söylədiyi "Ölkə inkişaf edir... Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də, Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik... Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də, bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır" fikirləri Ümumdünya İqtisadi Forumunun əhəmiyyətini açıqlamaqla yanaşı, hər bir ölkənin özünun təqdimatını aparması üçün əsas məkan olduğunu təsdiqləyir.

Zəngin təbii ehtiyatlara malik olan, əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və yüksək dəyərləndirilir. Sevindirici haldır ki, Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi, bir tərəfdən, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara dəyərin təzahürüdür.

Millət vəkili Tahir Mirkişili deyir ki, Davosda müxtəlif məsələlərin müzakirəsində Azərbaycanın aktiv iştirakı, ,Azərbaycanda olan multikulturalizim dəyərləri, dünyanın inkişafının daha da yüksəlməsi üçün istifadə olunacaq alətdən biri olması Azərbaycanın bu forumda verəcəyi töhfələrdən biridir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr - Bakı-Tbilisi-Qars, eyni zamanda, "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsinin başlanması, təbii ki, Azərbaycanın bu məsələlərə dünya iqtisadiyyatının üzvlərinin bir çoxlarının diqqətinə daha tez-tez çatdırması, getdikcə bu layihələrin iştirakçılarının sayının artırılması ilə yanaşı, Azərbaycana gələn xarici investisiyalar, texnologiyalar bilik və vərdişlərin daha çox Azərbaycana istiqamətləndirilməsi, məhz dediyim məsələlər Dünya İqtisadi Forumunda Azərbaycanın əsas hədəflərindən biridir.

Millət vəkili Elşən Musayevin sözlərinə görə, bu illik toplantını ən çox iqtisadi spektrda səciyyələndirsələr də, forumun ciddi siyasi əhəmiyyəti olduğunu vurğulayıb: "Bu səbəbdəndir ki, ölkə Prezidenti, İlham Əliyev uzun illərdir məlum forumun tədbirlərində iştirak edir, orada öz dəyərli fikirlərini söyləyir, dünya liderlərinə, toplantı iştirakçılarına Azərbaycan həqiqətləri barədə səhih və təfsilatlı məlumatlar verir".

Millət vəkili bu qurumun ədalətli hesabatları ilə bağlı məsələyə toxunaraq, bildirib ki, məhz bu qurumun ədalətli hesabatlarının nəticəsidir ki, ötən il Azərbaycan makroiqtisadi mühitə görə dünya miqyasında 39-cu, MDB məkanında isə 1-ci yeri tutub: "Bu il isə, güman ki, miqyas, göstərici daha da üst pillədə olacaq. Bu, nə deməkdir? Bu, o deməkdir ki, həm də dünyanın biznes hegemonlarının toplandığı məclisdə Azərbaycanla əməkdaşlığa maraq artacaq, ölkəyə kapital axını güclənəcək. Sabit siyasi durumu olan ölkələrdə iqtisadiyyat hər zaman güclü olur və hamının dostluq eləmək istədiyi, sərmayə qoymaq istədiyi ölkələr də, məhz sabit siyasi durumu olan ölkələrdir. Üstəlik, bildiyiniz kimi, Prezidentin hər forum çərçivəsində fərdi görüşləri də olur və bu görüşlərdə, təbii ki, ölkəmiz üçün faydalı müzakrələr aparılır".

E.Musayev, həmçinin, Davos İqtisadi Forumunun Dağlıq Qarabağ həqiqətlərinin də dolayı və birbaşa yolla dünya ictimaiyətinə çatdırılması üçün yaxşı fürsət olduğunu da qeyd edib: "Bu fürsət də hər zaman gərəkli və lazımlı formada dəyərləndirilir. Ümid edirəm ki, 2019-cu il forumu öz səmərəliliyi və aktuallığı ilə yaddaşlarda qalacaq".

Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, Dünya İqtisadi Forumu Azərbaycan həqiqətlərini və iqtisadi potensialını dünyaya çatdırmaq üçün mühüm platformadır. Azərbaycanın builki forumda ən yüksək səviyyədə təmsil olunması da son illər ölkənin iqtisadi sahədə əldə etdiyi uğurların dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilməsinin nəticəsidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə