"Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır“ RƏY-ÖZƏL

“Davos İqtisadi Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur. Onun dünyada aparıcı dövlətlərin hökumət başçılarını, biznes, beyin mərkəzlərinin, media rəhbərlərinin bir araya toplayan yeganə forum olduğunu nəzərə alsaq, budəfəki forumda da fərqli auditoriyanı təmsil edən liderlərin bir araya gələcəyi istisna edilmir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, 2019-cu ilin Davos İqtisadi Forumuna 3 mindən artıq şəxsin qatılması nəzərdə tutulub ki, onlardan mindən çoxu biznes liderləridir: “Bu baxımdan forum qlobal iqtisadiyyat üçün vacib tədbirlərdən biri hesab olunur. Bu il əsas mövzu qloballaşma və sənaye inqilabıdır. Forumun hər il özü üçün mövzu müəyyənləşdirdiyini nəzərə alsaq, builki mövzunun birmənalı şəkildə son dövrdə böyük əhəmiyyət kəsb etməsi və qloballaşmanın mənəvi tərəflərinin arxa planda qalması ilə bağlıdır”.

Ekspert söyləyib ki, Davos İqtisadi Forumunun açıqlamasına görə, forum qloballaşma və qlobalizmi bir-birindən ayırır: “ Foruma görə qloballaşma texniki, qlobalizm isə milli maraqlar üzərində formalaşan bir sistemdir. Nəticə etibarı ilə qloballaşma texnologiya və işçi qüvvəsinin azad hərəkətinə imkan yaratmalı olduğu halda, qlobalizm milli maraqların qurulmasına imkan vermir. Bu baxımdan qloballaşmanın mənəvi tərəflərinin də araşdırılması forumun əsas hədəflərindən biridir”.

V. Bayramov qeyd edib ki, eyni zamanda forumda super güclər arasında olan ticarət müharibələri, beynəlxalq qurumların, o cümlədən Ümumdünya Ticarət Təşkilatı qarşısında öhdəliklərini yerinə yetirməyən güclü dövlətlərlə bağlı məsələlər aktualdır: “ Bu baxımdan Davos Forumu qlobal iqtisadiyyatda istiqamətləri müəyyənləşdirəcək”.

Forumun Azərbaycan üçün əhəmiyyətinə gəldikdə, ekspert vurğulayıb ki, Azərbaycan üçün forumun əhəmiyyətini göstərən faktorlardan biri burada ölkəmizin nümayəndə heyətinə Dövlət başçısının rəhbərlik etməsidir:“Bu da əlbəttə ki, ölkəmizin foruma verdiyi önəminin göstəricisidir. Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirməsi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində təkcə rəsmilərlə deyil, eyni zamanda aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir ki, bu da ölkəmizin potensialının nümayişi baxımından çox vacibdir”.

V. Bayramov deyib ki, eyni zamanda Azərbaycan da Forum üçün vacib tərəfdaşlardan biridir: “Bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə illik ticarət dövriyyəsi cəmi 15 milyard dollardır ki, bunun 11.2 milyard dolları ölkəmizin payına düşür. Gürcüstanın Avropa Birliyi ilə ticarət dövriyyəsi 2.6, Ermənistanın 1.1 milyard dollardır. Avropa Birliyinin regionla ümumi sərhəd dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu isə ölkəmizin investorlar, eyni zamanda aparıcı ölkələr üçün cəlbedici tərəfdaş olduğunu göstərir. Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi və daha da genişlənməsi də Azərbaycanın inkişaf etmiş ölkələr və eləcə də Avropa Birliyi ilə iqtisadi əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. Bu kontekstdən Azərbaycan da Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır və nəticə etibarı ilə tərəflər faydalı şəkildə bu əməkdaşlığın inkişafında maraqlı görsənir. Ölkəmizlə Davos İqtisadi Forum arasında yeni anlaşmanın imzalanması da növbəti illərdə tərəflər arasında münasibətlərin daha da sıx və intensiv olduğunu müşahidə edə biləcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə