Növbəti Ümumdünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində öz işinə başlayır. SİA xəbər verir ki, yanvarın 25-dək davam edəcək forumun əsas mövzusu “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması”dır.

Bu il 110 ölkədən 3000-dən çox iştirakçının qatılacağı Davos forumunda 350-dən artıq paneldə müxtəlif məsələlər müzakirə olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq forumda iştirak üçün Davosda səfərdədir. Ölkə başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin milyard dollarlıq baxışı” sessiyasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilə yanaşı foruma 60-dan çox ölkənin rəhbəri, o cümlədən, Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstanın prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh və digərləri qatılacaq. Həmçinin BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta Fondu, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə