Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir FOTO

Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən il başlanılmış yenidənqurma işləri bu il də davam etdirilir. Agentlikdən SİA-ya verilən məlumata görə, son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdı.

Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdı. Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülür. Bundan başqa, yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyası da layihədə nəzərdə tutulmuş işlərdəndir. Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərin azalmasına zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə