Ötən il büdcə mədaxili 22,4 milyard, xərcləri isə 22,7 milyard manat olub

Maliyyə Nazirliyi 2018-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən il üzrə dövlət büdcəsinin mədaxili 22 milyard 411,3 milyon manat, xərcləri 22 milyard 718,9 milyon manat olub.

Ötən il üzrə dövlət büdcəsinin mədaxili 22 milyard 149 milyon manat proqnoza qarşı 22 milyard 411,3 milyon manat və ya 101,2 faiz icra edilib.

Vergilər Nazirliyi xətti ilə daxilolmalar 7 milyard 417,6 milyon manat təşkil edib, proqnoz 100,5 faiz icra olunub. Həmin vəsaitin 67,1 faizi və ya 4 milyard 975,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.

2018-ci il üzrə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434,4 milyon manat vəsait daxil olub, proqnoz 107,6 faiz icra edilib.

Dövlət Neft Fondundan büdcəyə 10 milyard 959 milyon manat vəsait transfert olunub.

Keçən il dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 milyon manat, sair daxilolmalardan 134,3 milyon manat vəsait dövlət büdcəsinə daxil olub. 2018-ci ilin dördüncü rübü üzrə dövlət büdcəsinin mədaxili 6 milyard 320,7 milyon manat icra olunub.

Ötən il dövlət büdcəsinin xərcləri 98,4 faiz və ya 22 milyard 718,4 milyon manat icra edilib.

2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 52,9 milyon manat icra olunub.

Keçən il dövlət büdcəsi xərclərinin 11 milyard 549,8 milyon manatı və ya 50,8 faizi cari xərclərə, 8 milyard 941,9 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2 milyard 227,2 milyon manatı və ya 9,8 faizi dövlət borcuna, öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 196,6 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,9 milyon manat və ya 7,6 faiz çoxdur.

Büdcənin kəsiri 307,6 milyon manat və ya təsdiq edilən yuxarı həddən 643,4 milyon manat az olub.

Kəsirin maliyyələşdirilməsi 222,6 milyon manatı dövlət istiqraz vərəqələrinin satışından və 101,2 milyon manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilib.

2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 34,7 milyon manat, xərcləri isə 26 milyard 334,4 milyon manat icra olunub. Keçən ilin icmal büdcədə 4 milyard 700,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə