"Ölkəmizdə sığorta yastığı möhkəmləndirilib" ŞƏRH-ÖZƏL

“Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il ölkəmizdə əldə edilən uğurlar ilə yanaşı eyni zamanda növbəti il üçün hədəflər müəyyənləşdirildi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi 2018-ci il ölkəmiz üçün uğurlu il olub və ötən il üçün müəyyənləşdirilən hədəflərə tam olaraq nail olunub”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

"İqtisadi stabillik 2018-ci ildə artıma nail olunmasına imkan yaratdı"

2017-ci ildə əldə edilən iqtisadi stabilliyin 2018-ci ildə iqtisadi artıma nail olunmasına imkan yaratdığını deyən ekspert söyləyib ki, bu stabillik 2018-ci ildə bütün makroiqtisadi göstəricilərdə artıma nail olunması üçün imkan yaradıb: “Bildiyiniz kimi 2014-cü ildə dünya neft bazarında yaşanan şok inkişaf edərək inkişaf etməkdə olan neft ölkələrinə xarici faktor kimi təsir göstərməyə başladı. Xüsusən 2014-cü ildən etibarən Azərbaycan üçün əsas prioritet məhz xarici faktorların və şokların təsirlərini minimumlaşdırmaq oldu. Nəticə etibarilə 2017-ci ildə iqtisadiyyatda stabilliyin əldə edilməsini müşahidə etdik. Bu stabillik 2018-ci ildə bütün makroiqtisadi göstəricilərdə artıma nail olunması üçün imkan yaratdı”.

V. Bayramov söyləyib ki, 2018-ci ilin iqtisadiyyatında diqqət çəkən ən mühüm məqamlardan biri Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru üzrə artımların ümumi iqtisadi artımları üstələməsi oldu: “Qeyri-neft ÜDM-ni ümumi daxili məhsulla, qeyri-neft sənayesini sənayedəki artımla müqayisə etsək böyük fərq var. Bu, ötən il qeyri-neft sektorunun daha çox və proqnozlaşdırılandan artıq inkişaf etdiyindən xəbər verir. Qeyri-neft sənayesindəki artım bir daha təsdiq edir ki, qeyri-neft sənayesi və qeyri-neft sektoru artım faizi baxımından aparıcı mövqeyini qoruyub saxladı. O baxımdan 2018-ci il bütün əsas makroiqtisadi göstəricilərdə artımın qorunub saxlanması, eyni zamanda, artım tempinin keyfiyyət baxımından yenilənməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı imkanların artırılması kimi yadda qaldı”.

"Ölkəmizdə iqtisadi təhlükəsizliklə bağlı sığorta yastığı möhkəmləndirilib"

Ekspert deyib ki, müşavirədə qeyd olunduğu kimi, ötən il Azərbaycanda sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb: “Bu isə o deməkdir ki, sənayedə artım daha çox qeyri-neft sektorunun inkişafı nəticəsində baş verib. Bu isə ötən il iqtisadiyyatın diversfikasiyası ilə bağlı hədəflərə nail olunduğundan xəbər verir. Qeyri-neft sektorundakı artımın yüksək olması, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsi əsas faktorlardan biridir. Ötən il həm ÜDM, həm sənaye istehsalı üzrə qeyri-neft sektorunda artım daha çoxdur. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi sənayeləşmə ölkəmiz üçün prioritet olaraq qalmaqdadır. Sənaye parklarının formalaşdırılması və dövlətin bu istiqamətdəki dəstəyi xüsusən 300-dən artıq investisiya təşviqi sənədinin verilməsi yerli investisiyanın sənayeyə cəlb edilməsi baxımından əhəmiyyətli olub. Bu da iqtisadi artımın dayanıqlılığını şərtləndirən əsas faktordur”.

2018-ci ildə həyata keçirilən dərinləşmiş iqtisadi islahatlar o cümlədən fiskal konsildasiya tədbirləri nəticəsində valyuta ehtiyatlarımızın 45 milyard dollaradək yüksəldiyini deyən V. Bayramov qeyd edib ki, müşavirədə xarici borcumuzun ÜDM-də payının 22,8 faizdən 19 faizə düşməsi ilə bağlı açıqlanan rəqəm isə ötən il ölkəmizdə iqtisadi təhlükəsizliklə bağlı sığorta yastığının möhkəmləndirildiyindən xəbər verir: “Nəzərə alsaq ki, beynəlxalq standartlara görə ÜDM-də dövlət borcunun payı 35%-dən azdırsa, başqa sözlə, ÜDM-in üçdə birindən azdırsa, bu nisbətən normal hal kimi qiymətləndirilir. Azərbaycan regionun az sayda ölkələrindən biridir ki, xarici borcun ÜDM-dəki payını 20 faizdən aşağı həddə qoruyub saxlaya bilir. Bu rəqəm bir daha göstərir ki, Azərbaycan praktiki olaraq xarici borc asılılığına malik olan ölkə deyil. Azərbaycan nəinki MDB-də, eyni zamanda Mərkəzi-Şərqi Avropa ölkələrində xarici borcun ÜDM-dəki payına görə ən yaxşı göstəricilərə malikdir. Eyni zamanda Azərbaycan dövlət rezervlərinin ÜDM-dəki payına görə MDB-də, eləcə də Mərkəzi-Şərqi Avropa ölkələrində ən yaxşı göstəriciyə malikdir. Belə ki, dövlət rezervlərinin ÜDM-də həcmindən daha çoxdur. Bu isə məhz 2018-ci ildə aparılan islahatların makro-iqtisadi stabilliyin qorunub saxlanmasına xidmət etdiyindən xəbər verir”.

"Xarici borcun idarəedilməsi ilə bağlı islahatlar növbəti illərdə də prioritet olaraq qalacaq”

Azərbaycan Prezidentinin xarici borcun tənzimlənməsi ilə bağlı hədəfləri elan etdiyini dilə gətirən V. Bayramov söyləyib ki, bir müddət öncə dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır: “Nəzərə alsaq ki, Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması. İndiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir. Strategiyaya uyğun olaraq Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi və 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Bu isə ondan xəbər verir ki, 2018-ci ildə xarici borcun idarəedilməsi ilə bağlı islahatlar növbəti illərdə də prioritet olaraq qalacaq”.

Ekspert bildirib ki, 2018-ci ildə həm ölkəmiz, həm də region üçün Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra layihələrin başlaması kimi yadda qaldı: “40 milyard dollardan artıq sərmayəsi olan, region üçün strateji əhəmiyyətli layihə sayılan Cənub Qaz Dəhlizinin açılışı həyata keçirildi. Bu layihənin reallaşması birbaşa dövlətimizin başçısının siyasi iradəsi nəticəsində mümkün oldu. İnvestisiya tutumu yüksək olduğu üçün layihənin reallaşması üçün qeyri-müəyyənliklər vardı. Lakin buna rəğmən Azərbaycan öz siyasi iradəsini nümayiş etdirməklə, ölkəmizin birbaşa təşəbbüsü və imkanları daxilində layihə reallaşdı. Bu, qonşu Türkiyə bazarına əlavə olaraq 8 milyard kubmetr mavi qazın nəqli, Avropaya ilk mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəqli deməkdir. Bütövlükdə, layihə Avropa və Türkiyə bazarına 31 milyard kubmetrdən artıq mavi qaz nəqlinə imkan verəcək. Bu, həmçinin imkan verəcək ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasından 120 milyard dollardan artıq gəlir əldə edə bilsin”.

"2019-cu ildə sürətli iqtisadi artıma nail olmaq üçün baza formalaşıb"

V. Bayramov vurğulayıb ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq: “Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığı aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək, çünki neftdən asılılığın aradan qaldırılması Azərbaycan üçün prioritet məqamlardan biridir. Bütövlükdə, 2018-ci ildə baş verən iqtisadi hadisələr və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, bu növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırdı. Fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün bir baza formalaşdırır. Qeyri-neft sektorunun inkişafı üçün də təməl formalaşdığından büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun mərhələli şəkildə xüsusi paya malikdir. ÜDM-də qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bu da dövlət rezervlərimizin qorunmasına və hətta artırılmasına şərait yaradır. Bu baxımdan mövcud siyasət, qeyri-neft sektorunun payının artması, ölkəyə daxil olan vəsaitlərin səmərəli istifadə olunması və fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2019-cu il də dövlət rezervlərimizin strateji valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanmasına imkan verəcək. Yalnız Dövlət Neft Fondunun deyil, Mərkəzi Bankın da xarici valyuta ehtiyatlarında artım qeydə alınıb ki, bu da birbaşa bankın, xüsusən də de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır. Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın mövcud ehtiyatları, pul-kredit və fiskal siyasət birmənalı şəkildə proqnozlaşdırmağa əsas verir ki, bu il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən biri olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə