117 nəfər gömrük əməkdaşı vəzifədən azad edilib

"2018-ci ildə 117 nəfər gömrük əməkdaşı vəzifədən azad edilib". SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə gömrük orqanları tərəfindən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Komitə sədri qeyd edib ki, bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə