Gömrükdəki mübahisələr bu idarədə həll olunur - FOTO VƏ VİDEOREPORTAJ

Bakının girişində ikimərtəbəli, sadə üslubda tikilmiş bir bina var. Tikilinin görünüşü sadə və dəbdəbədən uzaq olsa da, xüsusi mütəxəssislər tərəfindən burada aparılan mürəkkəb işlər ölkənin təhlükəsizliyi və inkişafı üçün çox vacibdir. Söhbət Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertiza İdarəsindən gedir.

Ağın ağ, qaranın qara olduğunu elmi dəlillərlə sübut edən idarə...

Bu idarənin işi ona görə çox önəmlidir ki, idxal və ixrac olunan şübhəli bütün məhsulların tərkibi, yararlılığı, insanlara vura biləcək zərərləri, qanunvericiliyə uyğunluğu məhz bu qurumda müəyyənləşir və komitə tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Mərkəzi Gömrük Ekspertiza İdarəsində sözün əsl mənasında ağın ağ, qaranın qara olduğu elmi dəlillərlə sübut edilir.

Sözügedən istiqamətdə aparılan işlər ölkədə yeganə olaraq bu qurumda həyata keçirilir. Burada fəaliyyət göstərən 19 nəfərdən (Müqavilə ilə fəaliyyət göstərən mülki şəxslərlə birlikdə 22 nəfər) ibarət heyətin kiçik də olsa, heç bir vəchlə səhv etmək kimi bir variantı ola bilməz.

Müraciətimiz əsasında DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi belə vacib və maraqlı qurumdan geniş reportaj hazırlamağımız üçün hər cür şərait yaratdı. Səriştəli idarə rəhbərliyi isə qurumun fəaliyyəti ilə bizi əyani olaraq tanış etdi və bütün proseslərin yorulmadan, peşəkarlıqla izahını verdi.

Qeyd edək ki, burada fəaliyyət mexanizmi tamamilə anonim qurulub. Gömrük məntəqələrində şübhə doğuran və ya sahibkarlar özləri istənilən məhsulu araşdırılması üçün Mərkəzi Gömrük Ekspertiza İdarəsinə gətirirlər. İdarəyə daxil olarkən öncə girişdə eyni məhsuldan iki nümunə götürülür, qeydiyyata alınır, növbəti mərhələdə isə nömrələnərək anonim şəkildə laboratoriyanın müvafiq şöbəsinə göndərilir. Birinci nümunə araşdırılır, ikinci nümunə isə nəticədən narazılıq olarsa, yenidən araşdırılması üçün xüsusi kamerada 3 ay saxlanılır.

Ölkəmizdə gömrük sahəsində aparılan genişmiqyaslı islahatlar bu idarənin işinin nəticəsinin də daha dəqiq olmasını şərtləndirir ki, qurum bunun öhdəsindən məharətlə gəlir. Komitə rəhbərliyi tərəfindən Ekspertiza İdarəsi beynəlxalq standartlara uyğun və xüsusi sertifikatlara malik ən yeni texnologiyalarla təmin edilib. Buradakı xüsusi aparatlar, laboratoriya avadanlıqları sayəsində məhsulların tərkibindəki radioaktiv maddələrdən tutmuş, narkotik vasitələrə qədər bütün qarışımlar aşkarlanır və lazım gələrsə, sahibkarlara elmi dəlillərlə sübut edilir.

“Sərhəddə baş verən bütün prosesləri müşahidə etmək mümkündür”

Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Təyyar İbrahimov bizimlə söhbətində bildirdi ki, müstəqil və müasir Azərbaycanın dövlət qurucusu, Ümummilli Lider Heydər Əliyevin bütün sahələrə olduğu kimi, gömrük sahəsinə xüsusi diqqəti sayəsində ölkəmizdə peşəkar gömrük fəaliyyəti formalaşıb. İdarə rəisi qeyd etdi ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirməsi və yenilikçi islahatları sayəsində gömrük sahəsində inqilabi yeniliklər edilib, Azərbaycanda güclü və dövrün tələblərinə uyğun inkişaf etmiş gömrük sistemi qurulub.

Onun sözlərinə görə, DGK bir çox hüquq-mühafizə və digər orqanlar ilə qarşılıqlı razılaşmalar əldə edib və hazırda əməkdaşlıq yüksək səviyyədə davam edir: “Bu gün Azərbaycanın Dövlət Gömrük Komitəsi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında nümunə kimi göstərilir. Vahid avtomatlaşdırılmış idarəetmə sistemi, Hədəf sistemləri ilə sərhəddə baş verən bütün prosesləri müşahidə etmək mümkündür. Bütün gömrük orqanlarında lazımi proqram təminatları quraşdırılıb”.

“Bəzi sahibkarlar rüsumdan yayınmaq istəyirlər”

Gömrük siyasətinin reallaşdırılmasında gömrük orqanları sisteminə köməklik göstərən qurumlardan birinin də Mərkəzi Gömrük Ekspertiza İdarəsinin olduğunu deyən T.İbrahimov rəhbərlik etdiyi qurumun gömrük orqanları və ya sahibkarlar tərəfindən edilən müraciətlər əsasında peşəkarlıqla fəaliyyət göstərdiyini vurğuladı: “İdarədə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə malların dəqiq kodlaşdırılması sistemi həyata keçirilir. Bu kodlaşdırmaya uyğun olaraq tarif dərəcələri dəqiq tətbiq edilir. Elə sahibkarlar var ki, qanunvericiliyin tələblərinə tam uyğun və şəffaf işləyirlər. Amma elə sahibkarlar da var ki, qanunvericilikdən yan keçmək istəyirlər. Bunun qarşısı alınanda narazılığa səbəb olur və şikayətlər edilir. Lakin, həmin sahibkarlara dəlillərlə sübut edib, qanunları başa salanda üzr istəyirlər. İş adamları maraqlıdır ki, az məsrəflə yüksək gəlir əldə etsinlər. Yəni, bəzi sahibkarlar rüsumdan yayınmaq istəyirlər. Hər bir malın öz kodu, rekviziti, adı var. O rekvizitlərə uyğun təsnifat aparırıq. Bəzən iddia edənlər olur ki, onların malları başqa qrupa salınmalıdır. Ancaq biz elmi dəlillərlə onlara işimizin düzgün olduğunu sübut edirik”.

Beş ayda 2 milyon 253 min 469 manatdan çox əlavə ödəmələr edilib

Sərhəd gömrük məntəqələrində qeyri-qanuni dövriyyənin qarşısının alınması, aidiyyatı mallar və nəqliyyat vasitələrinə gömrük nəzarətinin aparılması zamanı problem çıxarsa, mübahisəli və münaqişəli məsələlər olarsa, Mərkəzi Gömrük Ekspertiza İdarəsinə olunan müraciətlərin dəqiq araşdırılması üçün idarədə 4 şöbə fəaliyyət göstərir - Analitik tədqiqatlar laboratoriyası,Texnoloji, mexaniki avadanlıqların ekspertizası şöbəsi, Dərman vasitələrinin, baytarlıq, heyvandarlıq və bitkiçilik mallarının ekspertizası şöbəsi və yeni yaradılan Əqli mülkiyyət obyektlərinin emal proseduru altında yerləşdirilmiş malların və mənşə ölkəsinin təyininin ekspertizası şöbəsi.

Ekspress diaqnostika tədqiqat bölməsinin nəzdində isə sertifikatlaşdırma - uyğunluq sertifikatının nəqliyyat vasitələrinə verilməsi şöbəsi fəaliyyət göstərir. Ölkəmizə idxal olunan nəqliyyat vasitələrinin “Avro-4” standartlarının tələblərinə uyğunluğu yoxlanılır. Nəqliyyat vasitələri standartlara uyğun deyilsə, geri qaytarılır.

Qeyd edək ki, indiyədək 1882 halda etibarsız bəyannamə faktları aşkar edilib. Həmin təsnifat kodları dəqiqləşdirilərək aidiyyatı üzrə rəy verilib.

Pullu xidmətlə əlaqədar olaraq, fiziki şəxslər tərəfindən müraciətlər əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodlarının dəqiqləşdirilməsi nəticəsində yalnız beş ayda 2 milyon 253 min 469 manatdan çox (1 milyon 325 min 570 dollar) əlavə ödəmələr edilib.

Gömrükdə ekspress diaqnostik yolla malların aidiyyatı müəyyən olunur

Vahid avtomatlaşdırılmış idarəetmə sistemi sayəsində istər gömrük orqanları, istərsə də rezident və qeyri-rezidentlər tərəfindən müraciətlər artıq elektron formada qəbul edilir. Müraciət edənlərə cavab da elektron qaydada verilir. Bu isə sahibkarla gömrük orqanın vəzifəli şəxsi arasındakı təmasın qarşısını alır. Sözügedən sistem neqativ halların aradan qaldırılması istiqamətində atılan mühüm addımdır.

İdarədən bildirdilər ki, ekspress diaqnostik yolla malların aidiyyatının müəyyən olunmasını təyin edən ən müasir cihaz və avadanlıqlar alınmaqda davam edir. Məsələn, qiymətli daşların təyini, müasir analizatorlar, narko spreylər, testlər alınıb. Yeni vasitələrlə yerində birbaşa yükün aidiyyatı müəyyən olunur ki, bu da sahibkarların gömrükdə vaxt itirməsinin qarşısını alır.

Mərkəzi Gömrük Ekspertiza İdarəsində respublikanın imicini qorumaq üçün ölkəmizdə hazırlanan ixracyönümlü məhsulların da dəqiq kodlaşdırılması həyata keçirilir. Dövlətlərarası bağlanmış sazişə əsasən bu fəaliyyət Ümumdünya Gömrük Təşkilatı, BMT-nin və MDB ölkələrinin gömrük statistikasında əyintilər olmaması, dəqiqlik üçün vacibdir.

Şəkidə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin filialı yaradılır

Sahibkarların işinin asanlaşdırılması istiqamətində atılan addımlardan biri də Şəkidə Mərkəzi Gömrük Ekspertiza İdarəsinin filialının yaradılmasıdır. Şimal-qərb zonasında tütünçülük inkişaf etdiyinə görə, sahibkarların vaxt itirərək malları Bakıya göndərməməsi üçün bu zonada sözügedən idarənin tütün məhsullarının qəbulu üzrə filialının açılması ölkəmizdə sahibkarlığın inkişafına verilən növbəti töhfədir.

Qurumdan bildirdilər ki, artıq bina “Azterminalkompleks” tərəfindən inşa edilib və avadanlıqlar alınıb. Bu yaxınlarda filial istifadəyə veriləcək.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi yaradılandan sonra qida məhsullarının keyfiyyətinin yoxlanılması bu quruma həvalə olunub. Ancaq kodlaşdırmaya görə, bəzi hallarda qida məhsullarının tərkibinin araşdırılması Mərkəzi Gömrük Ekspertiza İdarəsində həyata keçirilir.

Onu da nəzərinizə çatdıraq ki, idarədə bundan sonra neft məhsullarının tərkibinin araşdırılması da mümkün olacaq. Artıq zəruri avadanlıqlar laboratoriyaya yerləşdirilib, işlər başlamaq üzrədir.

Yüksək peşəkarlığı ilə fərqlənən əməkdaşlar

Mərkəzi Gömrük Ekspertiza İdarəsində fəaliyyət göstərən əməkdaşlar yüksək peşəkarlıqları ilə fərqlənirlər. Onlar daimi olaraq, yeni texnologiyaları, müasir avadanlıqlarla işləməyi öyrənir, təqdim olunmuş nümunələrin araşdırılmasında ən yüksək dəqiqliyə nail olurlar. Maraqlıdır ki, əgər narazılıq olarsa, laboratoriyada eyni məhsul bir neçə üsulla təhlil edilir, onun hansı kodlaşmaya aid olduğu tam dəqiq müəyyənləşdirilir. Bu da malın hansı tarifə aid olduğu, buna əsasən müəyyənləşdirilmiş vəsaitlərin düzgün ödənilməsi və dövlət büdcəsinə köçürülməsi və ya yararsız, insanlara ziyan verə biləcək malların geri qaytarılması üçün çox önəmlidir.

İslahatlar qaçaqmalçıların işini çətinə salıb

Gömrük sahəsində aparılan islahatlar, yeni texnologiyaların tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemi qaçaqmalçıların da işini çox çətinə salıb. Bu gün heç bir qaçaqmalçının qanunsuz əməlləri gömrük nəzarətindən yayına bilmir.

Bütün bu amillər həm də ölkədə biznes mühitinin daha da inkişaf etməsi, sağlam biznes əlaqələrinin yaradılması, ən əsası xalqımızın yararsız, təhlükəli mallardan istifadəsinin qarşısının alınması istiqamətində çox faydalı nəticələrə gətirib çıxarır.

Vətən sərhəddən başlayır. Sərhəddə yerləşən gömrük keçid məntəqələrində aparılan uğurlu işlər, gömrük sahəsinin hər gün daha da inkişaf etdirilməsi Vətən, xalq, dövlət uğrunda aparılan əvəzolunmaz işlərdir. Məhz gömrükçülərin peşəkar fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan insanlar bütün sahələrdə təhlükəsiz mallardan istifadə edir və ölkəmizdə uğurlu gömrük-biznes əməkdaşlığı mövcuddur.

Ticarətin asanlaşdırılması prosesi aparılır

DGK-nın həyata keçirdiyi işlər nəticəsində sahibkarlığın inkişafı üçün ticarətin asanlaşdırılması prosesi də davam edir. Ölkə rəhbərliyinin tapşırığı ilə bu sahədə aparılan islahatlar öz bəhrəsini verir. İslahatlardan sonra ölkəmizin beynəlxalq ticarət sahəsindəki inkişafı göz önündədir. Son illərdə xaricə Azərbaycan brendi adı ilə ixrac olunan keyfiyyətli malların növləri də çoxalıb.

Bütün bunlar isə Azərbaycanın inkişafı, xalqımızın daha yaxşı yaşaması, rifah halının yüksəlməsi, insanların xoşbəxtliyi üçün mühüm amillərdir.

Ümid edirik ki, DGK bundan sonra da daim yenilikçi layihələri, yeni islahatları ilə qurumun işini daha da inkişaf etdirəcək və ölkə, xalq, dövlət uğrunda misilsiz xidmətləri ilə fərqlənəcək.

Elgün Aslanov

Reportaj "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur

Bütün xəbərlər Facebook səhifəmizdə