2019-cu ildə vergiləriniz necə hesablanacaq? EKSPERT RƏYİ-ÖZƏL

Bu gün ölkəmizdə sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Bunun bariz nümunəsi vergi qanunvericiliyinə edilən çox mühüm dəyişikliklər layihəsidir ki, sözügedən layihə 2018-ci ildə hazırlanaraq Milli Məclis tərəfindən qəbul edilib. Ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə 5 əsas istiqaməti özündə cəmləşdirən dəyişikliklərin əsasını “kölgə iqtisadiyyatı”nın miqyasının azaltmaq təşkil edir.

Nəzərə alaq ki, dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minib. Yeniliklərin cari ildə sosial iqtisadi sahəyə təsiri və xüsusilə də ölkəmizdə sahibkarlığın inkişafına verəcəyi töhfələr haqqında iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər 2019-cu ildə sahibkarlar üçün yeni imkanlar açır.

“İlk hədəf sahibkarlığın inkişafının möhkəmlənməsidir

Onun sözlərinə görə, bu il ilk hədəf sahibkarlığın inkişafının möhkəmlənməsidir.

Nazirlər Kabinetinin tətbiq etdiyi təsnifata əsasən, müəssisələrin ölçülərinə mikro müəssisələrin də əlavə olunduğunu deyən V.Bayramov söyləyib ki, bundan sonra onlar da vergi güzəştlərindən istifadə etmək hüququ qazanmış olurlar: “Mikro müəssisələr sadələşdirilmiş vergi subyekti olaraq bu hüquqdan yararlanacaqlar. Sadələşdirilmiş vergi dərəcəsinin ölkə üzrə vahid vergi dərəcəsi kimi tətbiq olunacağını deyən ekspert söyləyib ki, əvvəllər Bakıda sadələşdirilmiş vergi dərəcəsi 4 faiz idisə, bu rəqəm 2 faizlə əvəz olunacaq: “Bu da o deməkdir ki, mikro müəssisələr, o cümlədən Bakıda fəaliyyət göstərən müəssisələr 2 faizli sadələşdirilmiş vergi dərəcəsindən istifadə etmək hüququ qazanacaqlar”.

“Kiçik müəssisələr üçün mənfəət və gəlirlər də güzəştlər tətbiq edilib”

V. Bayramov deyib ki, qanunvericiliyə edilən dəyişikliklər əsasında kiçik müəssisələr üçün mənfəət və gəlirlər də güzəştlər tətbiq edilib ki, bunun nəticəsində kiçik müəssisələr əldə etdikləri gəlirlərin 75 faizindən azad olunacaqlar: “Digər 25 faizi ilə bağlı xərcləri təqdim etməklə vergini azaltmaq imkanı qazanacaqlar. Yeni qanunvericiliyə əsasən, innovativ fəaliyyətdən əldə olunan gəlirlər startuplar üçün növbəti 3 ildə mənfəət vergisindən azad olunacaq. Bu da təbii ki, startup fəaliyyətinin dəstəklənməsi məqsədi daşıyır”.

“İkinci istiqamət qeyri-rəsmi məşğulluğa qarşı mübarizədir”

Ekspert vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklərdən irəli gələn ikinci istiqamət qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin gücləndirilməsi və xüsusən də məşğulluq sahəsində “kölgə iqtisadiyyatının” səviyyəsinin aşağı salınmasından ibarətdir: “2018-ci ildə keçirilən müşavirədə Prezident İlham Əliyev kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlar verdi və bu prosesdə vergi sisteminin təkmilləşdirilməsinin vacibliyini bildirmişdi. Faktiki olaraq edilən dəyişikliklər də ölkə başçısının tapşırığına uyğun olaraq qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaltmaq məqsədi daşıyır”.

“Gəliri 8000 manata qədər olan vətəndaşlar 7 il müddətində vergidən azad olunur”

V.Bayramov deyib ki, dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi sıfırlanacaq. 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə, gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Sosial vergi işəgötürən arasında bölüşdürüləcək. Əgər indiyədək 22 faiz və 2+1 faiz sosial vergi var idisə, hazırda işəgötürən 15 faiz vergi ödəyəcək. Bu da əlbəttə ki, işə götürəni işçi ilə müqavilə bağlamaqda maraqlı edəcək”.

“Vergidən yayınma halı təsdiqini tapmayana qədər hesabınızdan pul silinməyəcək”

Üçüncü istiqamətin vergi inzibatçılığının təkmilləşdirilməsi və gücləndirilməsi olduğunu dilə gətirən iqtisadçının sözlərinə görə, dəyişikliklərə əsasən artıq sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı hər hansı vergidən yayınma halı aşkarlanarsa, o zaman hesabdan pul avtomatik olaraq silinməyəcək: “Əgər sahibkar yuxarı vergi orqanına müraciət edərsə və yuxarı vergi orqanından cavab çıxana qədər vəsaitdən pulun silinməsi həyata keçirilməyəcək. Yalnız tam araşdırma aparıldıqdan sonra həmin sahibkarın vergidən yayınıb, yayınmaması ilə bağlı qərar veriləcək”.

“Məmur-sahibkar ünsiyyəti minimuma enir”

V.Bayramov vurğulayıb ki, yeniliklər vergi ilə bağlı elektron xidmətlərin dairələrinin genişləndirilməsinə də xidmət göstərəcək: “Məmur-sahibkar ünsiyyətinin minimum aşağı salınması vergi sektorunda şəffaflığın genişləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsinə imkan verəcək”.

İnnovativ fəaliyyətdən daha çox investisiyanın yönəldilməsi proqnozlaşdırılır

“Bu kontekstdən vergi məcəlləsinə edilən dəyişikliklər 2019-cu ildə sahibkarlığın inkişafına pozitiv təsir göstərəcək. Qeyri-rəsmi məşğulluğun sayında azalmalar müşahidə olunacaq. Sahibkarların vergi yükü azaldığına həm işəgötürənlər, həm də işçilər müqavilə bağlamaqda maraqlı olacaqlar. Vergi sahəsində yeni xidmətlərin təklif edilməsi, şəffaflığın gücləndirilməsi gözlənilir. İnnovativ fəaliyyətdən daha çox investisiyanın yönəldilməsi proqnozlaşdırılır ki, bu da innovativ fəaliyyətin bir başa vergidən azad olunması ilə bağlıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...