Rəqabət dövlət əmlakının qiymətini 3 dəfə artırdı - Növbəti hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, prosesə çıxarılan dövlət əmlaklarından 14-ü vətəndaşların marağına səbəb olub. Belə ki, budəfəki hərracda 3 qeyri-yaşayış sahəsi, 10 nəqliyyat vasitəsi və yarımçıq tikili özəlləşdirilib.

İnvestorların yüksək marağına səbəb olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşir. Rəqabətli mühitdə keçən hərracda ümumi faydalı sahəsi 52,9 kv.m olan bu dövlət obyektinin hərrac qiyməti 3 dəfə artıb. Belə ki, ilkin qiymət 20 min manat təyin edilən əmlaka 60 min manat təklif edən iştirakçı hərracın qalibi olub. Özəlləşdirilən digər qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsindədir. Şəhərin mərkəzində yerləşməsi və mövcud sahə baxımından adıçəkilən əmlak investorun biznes fəaliyyəti üçün uğurlu seçimdir. Mağaza, restoran və ya digər xidmət sferalarında istifadə üçün uyğun olan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 190.1 kv.m-dir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki qeyri-yaşayış sahəsi də sahibi üçün faydalı ola bilər. Belə ki, bu obyekti özəlləşdirən şəxs ondan özü istifadə etməklə yanaşı, icarəyə verməklə də gəlir qazana bilər.

Hərrac iştirakçısı Qazax rayonu, Ağköynək kəndindəki su anbarının yarımçıq tikilisini ümumi sahəsi 7 min 641 kv.m olan torpaq sahəsi ilə birlikdə 16 min manata özəlləşdirib. "BMW", "KAMAZ", "UAZ" və "Daewoo" markalarına aid avtomobillərin buraxılış tarixləri 1989-2007-ci illərdir. Özəlləşdirilən nəqliyyat vasitələrinin son hərrac qiymətləri isə 2 min 625 manat ilə 5 min 200 manat arasındadır.

Özəlləşdirmə üzrə keçirilən növbəti hərraclardan biri 25 dekabr tarixində reallaşacaq. İlin son hərracına ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə