Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən dekabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, qəbul cədvəlinə müvafiq olaraq Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Səsləndirilən fərdi müraciətlər əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi ilə bağlı olub. Dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak məsələləri də müraciətlərə aiddir.

Struktur bölmələrin rəhbərlərinin də iştirak etdiyi qəbulda hər bir vətəndaş müraciətini diqqətlə dinləyən komitə sədri məsələlərin qanunvericiliyə uyğun olaraq həll olunması üçün tapşırıqlarını verib. Müraciətlərdən bir qismi yerindəcə müsbət həllini tapıb. Bəzi araşdırılma tələb edən məsələlər nəzarətə götürülüb. Komitənin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara ötürülməsi üçün qeydiyyata alınıb.
Fəaliyyətdə tətbiq olunan yeniliklərdən danışan komitə sədri ünvan məsələləri ilə bağlı bütün məlumatların daxil edildiyi yeni virtual mənbə olan Ünvan Portalının imkanları barədə məlumat verib. Bildirib ki, yaradılan innovativ platformanın məlumat bazası Ünvan Reyestri İnformasiya Sistemidir. Vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslərin istifadəsinə verilən portalın üstünlüklərindən biri də burada yeni ünvanlarla bərabər, köhnə ünvanların da yerləşdirilməsidir. Funksional elektron mənbə obyektin giriş ünvanı, yerləşdiyi küçə, sərhəd və parselləri ilə bağlı məlumat verməklə yanaşı, istifadəçinin olduğu yerdən getmək istədiyi obyektə qədər məsafəni də müəyyən edir.
Müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına xidmət edən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı görülən işlər isə davam etdirilir. Belə ki, kadastr işlərinin yekunlaşdığı 30-a yaxın rayonda daşınmaz əmlak obyektləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpaqların sahə və ölçüləri, təyinatı, kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı dəqiq məlumatlar əldə olunub. Bu məlumat bazası ilə daha müasir formada torpaq idarəçiliyini təşkil etmək və kateqoriyasına uyğun istifadəyə nəzarət etmək mümkündür.
Qəbul zamanı komitə sədri Kərəm Həsənov göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə