Sumqayıt Texnologiyalar Parkı (STP) Danimarkaya müxtəlif növ alüminium profillərinin ixracını həyata keçirib. STP-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, dünya bazarında "Made in Azerbaijan" brendinin ən uğurlu təmsilçilərindən biri olan Sumqayıt Texnologiyalar Parkı 2018-ci ilin noyabrında Danimarkanın özəl şirkəti ilə 110 tonluq alüminium profil istehsalını nəzərdə tutan müqavilə bağlayıb. Texnoparkın Alüminium Profillər Zavodu sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırladıqdan sonra istehsalata başlayaraq dekabrın 8-də sifarişi uğurla tamamlayıb. İstehsal olunan məhsulların yarısı dekabrın 12-də Danimarkaya yola salınıb. Sifarişin qalan hissəsi növbəti həftə göndəriləcək.

2014-cü ildə istismara verilən STP-nin Alüminium Profillər Zavodunda fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal olunur. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, misəritmə sahələri fəaliyyət göstərir. Sobaların illik məhsuldarlığı 30000 ton, toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Məhsulların istehsalında əsasən Gəncə istehsalı olan yerli xammaldan istifadə edilir. Bu da həmin məhsulların ucuz və keyfiyyətli başa gəlməsi ilə yanaşı, həm də Azərbaycan iqtisadiyyatında əlaqəli sahələrin inkişafına səbəb olur.

STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə beynəlxalq tələblərə tam cavab verdiyinə görə xarici bazarlarda da yüksək maraqla qarşılanır.

Beynəlxalq bazarlarda uğurlu satış strategiyası nümayiş etdirən Sumqayıt Texnologiyalar Parkı bu günədək Almaniya, İngiltərə, Danimarka, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrə istehsal etdiyi bir çox məhsullar ixrac edib. Texnoparkın hədəfləri Asiya və Avropa bazarında olan satış əməliyyatlarını artırmaqla yanaşı, Afrika və Yaxın Şərq kimi perspektiv bazarlara da daxil olmaqdır.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu ilin dekabr ayının 22-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə istismara verilib. Hazırda texnoparkda mövcud olan 13 zavodda 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu istehsal sahələri həm ölkəmizin, həm də xarici ölkələrin neft-qaz, energetika, tikinti və kənd təsərrüfatı sektorlarını geniş çeşiddə məhsullarla təmin edir. Kabellər, polimer borular, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar texnoparkın təklif etdiyi məhsullardan sadəcə bir qismidir. Texnologiyalar Parkı xüsusilə də 500 Kv-luq ifrat yüksək gərginlikli elektrik kabellərinin, Lan və fiber-optik kabellərin, 1200 mm PE 100 borularının regionda yeganə istehsalçısıdır. Parkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təchiz edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun şəkildə akkreditasiyadan keçib. Burada istehsal olunan bütün məhsulların müvafiq keyfiyyət sertifikatları mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə