İnnovasiyaların tətbiqi məhsulun maya dəyərini 50 faizədək ucuzlaşdıra bilər

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən vacib şərtlərdən biri aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olmaqdır. Bu nə üçün lazımdır? Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, innovasiyaların tətbiqi nəticəsində istehsalat xərcləri 20-30 faiz azalır ki, bu da istehsal olunan məhsulun maya dəyərinin 50 faizədək ucuzlaşması deməkdir. SİA xəbər verir ki, bu sözləri dekabrın 10-da Bakıda keçirilən “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

İnam Kərimov qeyd edib ki, dövlətin göstərdiyi diqqət nəticəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunub: “Ölkəmizdə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünü təminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur. Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə