Serbiya Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüşdə Serbiya Prezidenti Aleksandr Vuçiç 2018-ci ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırlayıb və salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib. Serbiya Prezidenti ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, Serbiyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Serbiya Respublikasının Prezidentinə çatdırıb, Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, ölkəmizin əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Görüşdə Azərbaycan-Serbiya əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyi qeyd olunub, iqtisadi-ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, tranzit, infrastruktur, turizm, İKT, səhiyyə və digər sahələrdə Azərbaycan-Serbiya əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə