Azərbaycan investisiya yatırmaq üçün ən ideal ölkədir

Respublikamızdakı siyasi-ictimai və sosial-iqtisadi sabitlik investorlar üçün heç bir risk yaratmır

Sirr deyil ki, dünyanın hər bir ölkəsinin iqtisadi və sosial cəhətdən inkişafı məqsədyönlü islahatlardan keçir. Elmi və hüquqi cəhətdən əsaslandırılan bu cür islahatların həyata keçirilməsi və gözlənilən nəticələr verməsi üçün isə kapital qoyuluşu önəmli rol oynayır. Bu, dünya praktikasında özünü təsdiq etmiş faktordur. Çünki kifayət qədər vəsaiti olmayan ölkələr kapitalı, adətən, beynəlxalq qurumlar və ya digər dövlətlərin iri biznes strukturları vasitəsilə əldə edərək, islahatlar həyata keçirirlər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici kapitaldan yararlanmaq üçün neft amilindən istifadə etdi. Xarici şirkətləri neft sənayemizə kapital qoyuluşuna cəlb etmək üçün "Əsrin müqaviləsi" imzalandı və bu müqavilədən sonra neft sənayemizə böyük miqdarda sərmayə yatırılıb. Bunun sayəsində Azərbaycan iqtisadiyyatı durğunluqdan canlanmaya doğru sürətlə addımlamağa başlayıb. 1997-ci ilin payızında həmin müqavilə çərçivəsində, ilk neft hasil olunmaqla, ölkəmiz böyük məbləğdə gəlir əldə etməyə imkan qazanıb. Bundan sonra əldə edilən vəsaitdən ölkənin ümumi inkişafı istiqamətində istifadə edilməyə və sosial-iqtisadi islahatların həyata keçirilməsinə start verilib. Həmin dövrdə islahatlar, ilk növbədə, xidmət sahələri və kənd təsərrüfatında həyata keçirilib. İslahatların sənaye və istehsal sahələrində aparılması isə, özəlləşdirmənin yekun mərhələsi olub. Lakin özəlləşdirilmə özünün müsbət nəticələrini bütün imkanları ilə göstərə bilməyib. Odur ki, dövlət özəl sektorun formalaşması və inkişafı üçün tədbirlər görmüş və bu da nəticəsiz qalmayıb. Bunun sayəsində ölkədə qeyri-neft sektoru formalaşıb və bu sektor tədricən iqtisadiyyatda prioritet sahəyə çevrilib.

Cari ilin yanvar-oktyabr ayları üzrə sənayedə istehsal edilən malların və göstərilən xidmətlərin həcmi 1,5 faiz artaraq, 40 milyard manat təşkil edib. Sənayenin qeyri-neft sektorunda

istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Dövlət tərəfindən özəl sektorun güzəştli kreditlərlə kapitallaşdırılması ölkədə istehsal və xidmət sahələrində sahibkarların çəkisinin ildən-ilə artmasına imkan yaradıb. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payının 83 faizə çatması da bunu təsdiqləyir. Yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 482,7 milyon manat vəsait qoyulub. Bu dövrdə neft sektoruna yatırılan sərmayə azalsa da, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 16,7, o cümlədən, qeyri-neft sənayesinə qoyulan investisiyalar 18,2 faiz artıb. Yatırılan ümumi sərmayənin 52,3 faizi dövlət, 47,7 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilən vəsaitin 69,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 62,1 faizini təşkil edib. Statistik rəqəmlərdən aydın görünür ki, dövlət bu gün də kapital qoyuluşunda üstün mövqedədir. Səbəb dünyada sərmayə yatırımında yaranan durğunluqdur. Dövlət yaranan bu boşluğu doldurmaq üçün kapital qoyuluşunu davam etdirir ki, iqtisadi inkişafın dinamikası zəifləməsin. Ölkənin əldə etdiyi iqtisadi uğurlar bu siyasətin doğru olduğunu təsdiqləyir.

Hazırda dünyanın aparıcı ölkələrinin bir çoxunda xarici kapital qoyuluşunda durğunluq hökm sürür. Ancaq ölkəmizdə olan münbit investisiya mühiti imkan verir ki, belə bir şəraitdə də Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyulsun. Bunun nəticəsidir ki, bu il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 354,6 milyon manat vəsait yönəldilib. Əsas kapitala yönəldilən xarici sərmayənin 3 milyard 518,9 milyon manatı Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya istehsalçılarına məxsusdur. Bütün bu vəsaitlər hesabına ilin əvvəlindən ötən 10 ay ərzində Azərbaycanda, xüsusən, regionlarda müxtəlif təyinatlı çoxsaylı müəssisələr tikilib istifadəyə verilib, eləcə də, yeni yollar çəkilib, körpülər salınıb, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa olunub.

Bir sözlə, Azərbaycan intestisiya yatırmaq üçün ən ideal ölkədir. Çünki respublikamızdakı siyasi-ictimai və sosial-iqtisadi sabitlik investorlar üçün heç bir risk yaratmır.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə