Naxçıvanda ötən ay 2430 metr fiber-optik kabel xətti çəkilib

Oktyabr ayında muxtar respublika ərazisində 2430 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 643 yeni abunəçi internetlə təmin olunub, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib ki, ötən dövrdə Aşağı Buzqov rabitə evində 256, Yuxarı Buzqov rabitə evində 96 yerlik yeni nəsil Avtomat Telefon Stansiyası qurulub, Aşağı Buzqov kəndində poçt bölməsi yeni binaya köçürülüb, Yuxarı Buzqov kəndində isə yeni poçt bölməsi yaradılıb. Poçt bölmələrindəki kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 177 yeni telefon nömrəsi istismara verilib.

Şərur rayonunun Qarxun, Babək rayonunun Nəzərabad və Sədərək rayon mərkəzi Avtomat Telefon stansiyalarının hər birinə 32 portluq internet platası əlavə edilib, Babək rayonunun Nəzərabad kənd Avtomat Telefon Stansiyasında isə 32 portluq internet platası quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə