Üzümçülüyün, şərabçılığın inkişaf etdiyi qədim diyar - Odlar Yurdu

(Yazıçının gündəliyindən I yazı)

Tariyel Pənahov: “Məhəmməd Peyğənbər deyib ki, alim, irəlini görən və nə etdiyini bilən adamdır”

2018-ci ilin iyul ayından Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna getmək istəyirdim. Çünki bu İnstitutun dünya şöhrətli rəhbəri, texnika elmləri doktoru, dəyərli ziyalı Taryel Məhəmməd oğlu Pənahov haqqında, Xalq şairi, xalqımızın fəxri, dəyərli ziyalı Nəriman Həsənzadə mənə çox xoş sözlər demişdi. Hamımız da bilirik ki, Nəriman müəllim yalnız layiq olan insanlar haqqında xoş sözlər deyir. Dəfələrlə Tariyel müəllimlə telefonla danışsaq da görüşməyə macal tapmırdıq. Axır ki, həmin görüş sentyabr ayının 25-də onun iş otağında baş tutdu.

Bakı şəhərinin Mehdiabad qəsəbəsində yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnsitutu çox yaraşıqlı bir binada yerləşir. Vaxtilə həmin bina Mehdiabad üzümçülük savxozunun inzibati binası olub. Kolxoz və sovxozlar ləğv olunandan sonra bu buna həmin İnstituta verilib və əlavə korpuslar da tikilib. Budur, biz Tariyel müəllimin muzeyi xatırladan iş otağında oturmuşuq. Bu otaqda üzümçülüklə, şərabçılıqla bağlı çoxlu şəkillər, eksponatlar, yazılar, qəzetlər, jurnallar var. Həm də divardan Tariyel müəllimin dünyanın bir çox yüksək beynəlxalq səviyyəli tədbirlərində iştirak etdiyi, diplomlar, medallar aldığı şəkillər asılıb. Burada Azərbaycanın üzümçülük regionlarında əkilib- becərilən üzüm sortlarından nümunələr də var. Məni ən çox valeh edən isə başda Tariyel müəllim özü olmaqla, burada çalışan kollektiv, elmi işçilər və digər sahələrdə işləyən insanlar oldu. Onların hər biri mənim yaddaşıma yüksək ziyalı və ən mədəni insanlar kimi yazıldı. Yəqin gələcək yazılarımda onlar haqqında da yazacam. Həmin vaxt Tariyel Pənahovla söhbət etdikdən sonra təəssüf etdim ki, axı niyə üç ay vaxt itirib, bu kollektivlə görüşməmişəm...

İlk öncə Tariyel müəllim haqqında oxuculara qısa məlumat vermək istəyirəm.

Qısa arayış: Tariyel Məhəmməd oğlu Pənahov 1953-cü ildə Tovuz rayonun Qaraxanlı kəndində ziyalı ailəsində anadan olub. Atası Məhəmməd kişi uzun illər kənddəki Kirov adına sovxoza rəhbərlik edib. Ölümündən 44 il keçməsinə baxmayaraq bu gün də Məhəmməd kişi el-oba arasında böyük nüfuza sahib olan, sayılıb seçilən, xatirəsi daim yad edilən hörmətli ağsaqqallardan biri kimi həmişə yad edilir.

Orta məktəbi əla qiymətlərlə bitirən Tariyel, Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Aqrar Universitet) qəbul olub. Sonra oranın üzümçülük- şərabçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildən Tovuz rayonunun Qaraxanlı kəndindəki Kirov adına sovxozda əmək fəaliyyətinə şərabçı vəzifəsində işə başlayıb. Elə həmin vaxtdan da taleyini üzümçülük-şərabçılıq işinə həsr edib. İşləyə-işləyə keçmiş SSRİ -nin Krım vilayətinin Yalta şəhərində yerləşən Maqaraç Üzümçülük-Şərabçılıq İnstitutunda təhsilini davam etdirib. Sonra orada aspiranturanı bitirib və müdafiə edərək elmi dərəcə alıb. Həmin institut bu gün də dünyada üzümçülük və şərabçılıqla bağlı ən böyük elm ocaqlarından biridir.

Üç il Tovuz rayonundakı Kirov sovxozunda işləyən Tariyel müəllim Tovuz Şərabçılıq Trestininə baş şərabçı vəzifəsinə təyin olunub. Burada da özünü yüksək ixtisaslı mütəxəssis kimi təsdiq edən Tariyel Pənahovu həmin vaxtlar, yəni 1979-cu ildə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə rəhbərlik edən Yunis Qəhrəman oğlu Rzayev Azərbaycan Respublikası Baş Şərabçılıq İdarəsi rəsinin birinci müavini vəzifəsinə təyin edib. Elə həmin gündən etibarən Tariyel Pənahov üzümçülük- şərabçılıq sahəsində daha böyük işlər görüb və bu sahəni dünyada lazımi səviyyədə tanıtmağa başlayıb. Texnika üzrə elmlər doktoru olub. Onun namizədlik, doktorluq elmi işləri böyük maraq doğurub. Onun elmi işləri və məqalələri dünya səviyyəli jurnallarda çap olunub. Az bir vaxtdan sonra isə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsininin Baş Şərabçılıq İdarəsinin rəisi təyin olunan Tariyel Pənahov, 2007-ci ildə Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə irəli çəkilib. Həmin vaxtdan da bu İnstitutda işlər daha sürətlə getməyə başlayıb. Elə həmin vaxtdan bu İnstitut Tariyel müəllimin rəhbərliyi altında dünya simpoziumlarında, beynəlxalq tədbirlərində yaxından iştirak etməyə başlayıb. Həmin dünya səviyyəli tədbirlərdən Azərbaycana çoxlu medallar, diplomlar gətirib. Bu gün üzümçülük-şərabçlıqla bağlı dünya səviyyəli ən böyük tədbirlər Tariyel Pənahovsuz keçmir. O, həmin tədbirlərdə ən sevimli nümayəndə kimi iştirak edib, özünün maraqlı çıxışları ilə hamının hörmətini qazanır. Xalqımızın belə tanınmış övladları ilə fəxr edə bilərik.

- Tariyel müəllim xahiş edirik Maqarac İnstitutu haqqında oxuculara məlumat verin. Çünki bu institut haqqında bizim məlumatımız çox azdır.

-XIX əsrin əvvəllərində Almaniyadan bir mütəxəssis Rusiyaya, Krım vilayətinin Yalta şəhərinə üzümçülük-şərabçılıqla bağlı dəvət olunub. O, orada kiçik bir laboratoriya açıb. Sonra qısa vaxtda həmin laboratoriya çox məşhurlaşıb və İnstituta çevrilib. Həmin İnstitutda təhsil almaq üçün dünyanın müxtəlif yerlərindən tələbələr gəlib. Sovetlər vaxtında isə həmin İnstitut dünyada daha çox məşhur idi. Orada dünyanın bir çox ölkəsindən gələn tələbələr təhsil alır və elmi işlər müdafiə edirdilər. Bax, mənim də taleyim həmin məşhur İnstitutla sıx bağlı olub. Mənim orada elmi rəhbərlərim dünya şöhrətli alim Yelena Nikolayevna Datunaşvili və onun həyat yoldaşı German Georqoviç Valuyko olublar. Mən elə həmin vaxtdan etibarən üzümçülük-şərabçılıqla bağlı elmi məqalələrimi Almaniyada, İngiltərədə, Fransada, İtaliyada, İspaniyada, Çin Xalq Respublikasında, Amerikada, Braziliyada, Malaziyada,Türkiyədə və başqa tanınmış ölkələrdə çap etdirməklə ölkəmizi həmin respublikalarda təbliğ etmişəm. Öz həmkarlarıma da həmişə məsləhət görürəmki, öz elmi məqalələrini həmin ölkələrdəki məşhur jurnallarda çap etdirsinlər. Bununla biz, Azərbaycan üzümçülüyünü və şərabçılığını dünyada daha yaxşı tanıda bilərik. Amma yüksək rütbəli məmurlar var ki, bizə deyirlər “nəyə lazımdı həmin məqalələri xarici ölkələrin jurnalında çap etdirmək. Elə burada çap etdirin”. Deməli, bu adamlar üçün fərqi yoxdur ki, həmin məqalə Azərbaycanda çap olunur və ya mənim yuxarıda adlarını sadaladığım ölkələrdə. Bax, biz bəzən belə adamlarla işləyirik. (Acı-acı gülümsünür.) Amma mən böyük fəxarətlə deyə bilərəm ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu keçən ilin yekunlarına görə Böyük Britaniyanın Kembric şəhərində Oksfordda 100 qabaqcıl dünya institutları siyahısına daxil olub. Dünyada isə bizim İnstitut kimi yüzlərlə İnstitut var. Təəsüflər olsun ki, maliyyə imkanımız olmadığına görə Kembric şəhərinə gedib, oradakı tədbirdə iştirak edə bilmədik. Bizə verilən diplomu və mükafatı da ala bilmədik. Təsəvvür edin ki, biz həmin möhtəşəm tədbirdə iştirak etsəydik, görün Azərbaycanın adı üzümçülük- şərabçılıqla bağlı indi haralarda çəkilirdi. Azərbaycan üzümünün, şərabının təbliği ilə bağlı dünyanın sayılıb-seçilən mütəxəssislərini bura cəlb etsəydik, görün respublikamıza bu sahədən nə qədər gəlir gətirə bilərdik. Amma bəzi gözü götürməyənlər bizə imkan yaratmadı ki, həmin tədbirdə iştirak edə bilək. Hətta dünyanın üzümçülük- şərabçılıqla bağlı çoxlu tanınmış alimləri çox istəyirlər ki, biz Azərbaycanda bu işlərlə bağlı dünya səviyyəli tədbirlər keçirək və onlar da gəlib burada iştirak edib, respublikamızın üzümünü, şərabını dünyada tanıtmaq üçün işlər görsünlər. Əfsus ki, biz həmin tədbirləri də bu vaxta kimi keçirə bilmirik. Çünki bu möhtəşəm işlər maliyyəyə bağlıdır. Təsəvvür edin ki, bizə bu işlərdə mane olan adamlar hər gün təkcə öz itlərinə yemək üçün filan qədər dollar xərcləyirlər, amma bu möhtəşəm işləri görməyə şərait yaratmırlar. Belələrinə nə ad vermək olar? ( Acı-acı gülümsünür.) Deməli, onlar Azərbaycan üzümünün, şərabının dünya səviyyəsinə çıxmasını arzulamırlar. Axı həmin tədbiri keçirmək Azərbaycan üzümünün və şərabının dünya bazarına çıxması və bu sahələrdə məmləkətimizə böyük maliyyə gəlirinin gəlməsi deməkdir...

- Siz İnsituta rəhbərlik etdiyiniz bu on bir ildə Azərbaycana və bu İnstituta nə qədər mükafatlar gətiribsiniz?

- Mənim ən böyük mükafatım odur ki, dünyanın ən böyük alimləri bizim İnstituta gəlib, bizim işlərimizlə tanış olurlar və gedib öz ölkələrində bizim işimizi təbliğ edirlər. Bir var heç nəyi görməyib, elə-belə demək, bir də var ki, gəlib öz gözlərilə görüb təbliğ etmək. Biz, belə qərara gəlmişik ki, üzümçülük, şərabçılıqla bağlı kitablar yazıb, həmin kitabları xarici dillərə tərcümə edib, dünya ölkələrində yayaq. Bu on bir ildə 20-dən çox kitablar çap etdirmişik. Fikrimiz var ki, onları başqa xarici dillərə də tərcümə etdirək. Bu yaxınlarda Gürcüstandan şərabçılıq üzrə 3 görkəmli professor, alim bizim İnistituta gəlmişdi. Onları Üzümçülük Şərabçılıq Beynəlxalq Əlaqələr Təşkilatından göndərmişdilər. Yəni onlar həmin təşkilatın xəttilə bura gəlmişdilər. Onlar bizim işlərdən çox razı getdilər. Eləcə də bu yaxınlarda Nazirlər Kabinetindən çox səlahiyyətli bir nümayəndə bura gəlmişdi. Bizim işlərlə yaxından tanış olandan sonra dedi: “Açığı mən bilmirdim ki, siz burada belə böyük işlər görürsünüz. Deməli, biz sizə kömək etməliyik ki, Azərbaycan üzümünü, şərabını siz lazım olan səviyyədə dünyada tanıdasınız. Sizə şərait yaradılmalıdır ki, əkin sahələrinini genişləndirəsiniz”. Mən də dedim ki, elə bizim də uzun illərdir məqsədimiz budur. Çünki bütün dünya bizdən danışır, beynəlxalq səviyyəli tədbirlərdə hamı bizim işdən öz razılığını bildirir. Sadəcə bu işdə bizə dövlət səviyyəsində dəstək olsa, aidiyyatı təşkilatlar köməklik etsə, biz daha çox işlər görə bilərik.

- Siz dünyada şərabçılıq üzrə ən tanınan dequstatorlardan biri sayılırsınız və dünya səviyyəli alimlər dequstator kimi sizinlə razılaşırlar. Amma Azərbaycanda bununla bağlı demək olar ki, heç bir məlumat yoxdur. Yəni siz bu sahədə təbliğ olunmursunuz. Bunun səbəbi nədir?

- Azərbaycanda gör nə qədər şərabçılıqla məşğul olan adam var, təssüf ki, dequstator kimi mənim tanınmağıma mane olmaq istəyənlər də var. Onlar sadəcə fikirləşmək istəmirlər ki, axı mən də azərbaycanlıyam. Mənim tanınmağım elə onların tanınmağı deməkdir. Ona görə də məni dünya səviyyəli həmin tədbirlərə dəvət edəndə mane olanlar çox olur. Baxmayaraq ki, məni Azərbaycandan yox, belə tədbirlərə Avropadan dəvət edirlər, yenə də mane olmaq istəyirlər. Rusiyada bir tədbir vardı, bizim yüksək rütbəli məmurlar bütün güclərini sərf etdilər ki, mən həmin tədbirdə iştirak eləməyim. Onlara başa salırdım ki, Rusiyada şərab içən adamlar çoxdur. Mənim həmin tədbirdə iştirak etməyim, Azərbaycan şərabının Rusiyaya ixrac olunmasına çox kömək edər. Ölkəmizə bu sahədə çoxlu maliyyə gəliri gələ bilər. Amma Azərbaycanda şərabçılığı inhisara alan bir qrup adamlar var, onlar bizə bu xeyirli işləri görməyə imkan vermirlər. Onlar fikirləşirlər ki, biz əgər bu xeyirxah işi görüb, ölkəmizə maliyyə gəliri gətirsək, onda onların biznesinin qarşısı alınar. Lakin onlar fikirləşmirlər ki, bu təbliğatın elə onlara böyük xeyri var. Ən böyük bəla odur ki, mən türklərlə işbirliyi quranda deyirlər ki, Türkiyəyə işləyirəm. Rusiya ilə işbirliyi quranda deyirlər həmin ölkənin adamıyam. Eləcə də başqa ölkələrlə işləyəndə də məni onlara işləməkdə, işbirliyi qurmaqda suçlayırlar. Ona görə də qalmışam belə və bilmirəm kiminlə işbirliyi qurum ki, Azərbaycan büdcəsinə şərabçılıqdan böyük maliyyə gəlirləri gətirək. Ən acınacaqlı cəhət odur ki, bir qədər pulu olanlar özləri üçün Şərabçılıq zavodları açırlar. Amma bu adamların şərabçılıqla bağlı məlumatları çox azdır. Onlar özlərinə sığışdırmırlar ki, bizimlə, yəni Azərbaycan Üzümçülük-Şərabçılıq Elmi-Tədqiqat İnistitutu ilə əməkdaşlıq etsinlər. Axı onlar bizimlə əməkdaşlıq etsələr, biz onlara yaxşı məsləhətlər verərik və onların istehsal etdiyi məhsullar xarici ölkələrin bazarlarına çıxar və həmin adamlara da gəlir gətirər. Onların yaxşı mütəxəssisləri olmadığına və istehsal etdiyi şərabların çoxunun keyfiyyəti aşagı olduğuna görə həmin şərablar satılmır. Bu sahibkarlar da müflisləşirlər. Bu gün işləyə bilməyən, keyfiyyətsiz şərab istehsal edən Şərabçılıq zavodları çoxdur. Onlar bu işə başlayanda yəqin ki, dahi Nizami Gəncəvinin bu sözlərini yada salmırlar: “Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Beləliklə, onlar bu sahədə uduzurlar. Amma onu da danmaq olmaz ki, Azərbaycanda yüksək keyfiyyətli şərablar çoxdur. Lakin təbliğat zəif olduğuna görə həmin şərabların hamısı dünya bazarlarına çıxa bilmir.

- Üzümçülük, şərabçılıqla bağlı bizim məlumatımız az olduğuna görə, yerindən duran deyir ki, mən bunu bilirəm. Xahiş edirəm çoxsaylı oxucularımıza bu haqda məlumat verin.

- Dünya ölkələri içərisində üzümçülüyün, şərabçılığın ən qədim vətənlərindən biri məhz Azərbaycandır. Bizim ölkədə üzümçülüyün, şərabçılığın 8 min ildən çox tarixi var. Dünya üzrə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı Fransada yerləşir. Biz həmin təşkilata ermənilərdən il yarım əvvəl üzv olmuşuq. Həmin təşkilata biz üzv olanda mən oradakı çıxışımda üzümçülüyün, şərabçılığın Azərbaycanda 8 min ildən çox yaşı olduğunu öz çıxışımla bildirmişəm. Burada Məhəmməd Peyğəmbərin bu kəlamını yada salmaq istəyirəm. O, deyib ki, “alim, irəlini görən və nə etdiyini bilən adamdır”. Və mən də bir alim kimi onlara inandırmışam ki, erməni deyir bizim ölkədə üzümçülüyün, şərabçılığın 7 min il yaşı var. Mən də onlara sübut etdim ki, axı həmin vaxtı nə erməninin, nə də o bölgədə yaşayan başqa xalqların dövləti olmayıb. Onlar dağların döşündə tayfa halında yaşayıblar. Onlar bunu hansı haqla belə deyirlər. Elə onların yaşadığı yerlər də Azərbaycanın torpaqları olub və orada yaşayan əhalinin də əksəriyyəti azərbaycanlılar olublar. Bir də bizim həmin vaxtı ölkəmiz olub. Deməli, bizim ölkədə üzümçülük və şərabçılıgın tarixi daha qədimdir. Sonra bununla bağlı çoxlu dəlillər, sübutlar gətirdim. Bir də onu sübut etdim ki, elə Sovetlərin vaxtında SSRİ-də istehsal olunun 7-8 milyon ton üzümün 2 milyon 136 min tonu məhz Azərbaycanda istehsal olunurdu. Qalan 5 milyondan bir qədər çoxu başqa ölkələrin payına düşürdü. Ermənistanda təxminən 100 min ton , Gürcüstanda 600 min ton üzüm istehsal olunub. Moldovada ən çox üzüm istehsalı 1 milyon 600 min ton olub. Deməli, Azərbaycan torpaqları üzümçülük üçün daha yararlıdır. Həm də bizim ölkədə yetişən üzümlərin şəkərinin çox yüksək olması dünya ölkələrinin üzümünün hamısından yüksəkdir. Deməli, üzümçülüyün əsl vətəni Azərbaycandır. Dünya alimləri bununla razılaşdı və bizim bu sahədə gördüyümüz fundamental, əsaslı işlərə görə bizi həmin beynəlxalq təşkilata üzv seçdilər. Bu işdə, yəni üzümçülüyün, şərabçılığın inkişafında ölkə başçımız cənab İlham Əliyevin xidməti əvəzsizdir. Çünki Azərbaycanda 2018-2025-ci illərdə üzümçülüyün, şərabçılığın inkişafı Dövlət proqramına salınıb. Bu proqram artıq bu ilin may ayında təsdiq olunub. Biz də bu gözəl işin icraçılarıyıq. İnanırıq ki, bu dövlət proqramı özünün fəaliyyətini tam yerinə yetirsə Azərbaycan üzümü və şərabı tezliklə dünya səviyyəsinə çıxa bilər. Azərbaycana bu sahələrdən böyük valyuta gələ bilər. Əlbəttə, ilk öncə bu yolda dünya səviyyəsində böyük təbliğat olmalıdır. Bununla bağlı yüksək səviyyəli mütəxəssislər dünya tədbirlərində lazım olan səviyyədə iştirak edərək Azərbaycan üzümünü, şərabını orada təbliğ etməlidirlər. Bu işin də bariz nümunəsi Azərbaycan Üzümçülük Şərabçılıq Elmi -Tədqiqat İnstitutudur. Deməli, bu inistituta lazım olan şərait yaratmaq lazımdır ki, Azərbaycan üzümünü, şərabını dünyada layiqincə təbliğ etsin. Hətta bir vaxtlar ulu öndər Heydər Əliyev də belə maraqlı fikir deyib: “Aqrar sahənin inkişafını üzümçülüyün inkişafından kənarda görmək olmaz”. Məhz buna görə də əbədiyaşar prezidentimiz Azərbaycana rəhbərlik etdiyi birinci hakimiyyəti dövründə üzümçülüyün, şərabçılığın inkişafına böyük önəm verirdi. Həmin vaxtlar bu sahələrdən Azərbaycana böyük maliyyə gəlirləri gəlirdi. Mən onu da vurğulayım ki, 1984-cü ildə ölkə büdcəsinin 45 faizi üzümçülükdən, şərabçılıqdan gələn gəlirlə formalaşıb. Bu işin əsası isə 1970-ci illərdən başlayıb. Ona görə də neftdən asılılığı azaltmaq üçün kənd təsərrüfatının inkişafına, əsasən də üzmçülüyə, şərabçlığa daha çox fikir vermək lazımdır. Çünki Azərbaycanın üzümü və şərabı dünya ölkələrində özünə ən böyük brend qazana bilər. Bununla bağlı bizim hər cürə imkanlarımız var. Sadəcə adidyytı təşkilatlar və Azərbaycanın uğurlu gələcəyini fikirləşənlər bu sahədə bizə lazım olan kimi köməklik etməlidirlər. Atalarımız da bu haqda gözəl deyib: “Güc birlikdədir”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə