"Növbəti ilin büdcəsindən vətəndaşlar daha çox faydalanacaqlar" RƏY-ÖZƏL

“2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır. Növbəti ildə Azərbaycanda ÜDM-də 3.6 faiz artımın proqnozlaşdırıldığını nəzərə alsaq, bunun əvvəlki illə müqayisədə xeyli çox olduğunu görərik”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, 2018-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatı iqtisadi artım mərhələsinə qədəm qoyub və 2019-cu daha sürətli iqtisadi artım ili kimi nəzərdə qalacaq.

Ekspertin sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində diqqəti çəkən əsas məqamlardan biri bütün sahələr üzrə artımın qeydə alınmasıdır: “Bu o deməkdir ki, sənəddə həm sosial, həm təhsil, həm də digər istiqamətlərə ayrılan vəsaitin həcmində artımlar olacaq. Xüsusən də sosial evlərin inşası ilə bağlı ayrılan vəsaitin həcmində, eləcə də təhsil xərclərinin artımı və buna uyğun olaraq təqaüdlərin təxminən 10 faiz artımı proqnozlaşdırılır”.

V. Bayramov qeyd edib ki, praktiki olaraq 2019-cu ilin dövlət büdcəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti ildə əmək haqları və pensiya məbləğlərində artım olacaq:

“Artıq bununla bağlı rəsmi açıqlamalar da yayılıb. Bütün bunlar sosial müdafiə baxımından çox vacibdir. 2019-cu il dövlət büdcəsi sosial prioritetliyini qoruyub saxlayır, nəticə etibarı ilə bu fərqli istiqamətlər üzrə artımların həyata keçirilməsi o cümlədən investisiya qoyuluşlarının, özünəməşğulluq proqramları genişləndirilməsinə xidmət edəcək, eləcə də bu proqramlar çərçivəsində bir çox vətəndaşımızın, xüsusilə də ünvanlı sosial yardım alan vətəndaşlarımızın sahibkara çevrilməsi prosesi davam etdiriləcək. Bu baxımdan sosial, eləcə də regionların inkişafı investisiya qoyuluşları istiqamətində artım müşahidə olunacaq ki, bu da nəticə etibarı ilə 2019-cu ilin dövlət büdcəsindən vətəndaşların daha çox faydalanması və növbəti ildə sosial xərclərin prioritet xərclər sırasında olmasından xəbər verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə