Sumqayıtda 26 ton kartof məhv edilib

Noyabrın 16-da Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələri nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kiloqram kartof mal sahibinin müraciəti əsasında, Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.

AZƏRTAC xəbər verir ki, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 99 ZC 209 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...