"Dövlət büdcəsi ölkəmizin inkişafını təmin etməyə qadirdir" MÖVQE-ÖZƏL

“Azərbaycanın dövlət büdcəsi ildən-ilə müsbət istiqamətdə artır. 2019-cu ilin dövlət büdcəsində də xeyli artım var”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Növbəti ilin dövlət büdcəsinin sosial yönümlü olduğunu deyən deputat söyləyib ki, büdcənin 33.4 faizini sosial istiqamətlərə yönəlib.

Dövlət büdcəsindən hərbi xərclərə kifayət qədər vəsaitin ayrıldığını deyən E. Məmmədov bildirib ki, 2019-cu ilin dövlət büdcəsi Azərbaycan xalqının təminatını, dolanışığını və ölkəmizin inkişafını təmin etməyə qadirdir.

Deputat vurğulayıb ki, 2019-cu ilin dövlət büdcəsi layihəsi mükəmməl şəkildə hazırlanıb: “ Layihədə nəzərdə tutulan vergi islahatları yaxın müddətdə dövlət büdcəsinin gəlirlərinin daha da artmasına, maliyyə dayanıqlığına geniş imkanlar açacaq”.

Açıqlaması zamanı dövlət büdcəsi ilə bağlı bir neçə təklifini irəli sürən E.Məmmədov əmək pensiyaların miqdarının artırılmasının tərəfdarı olduğunu dilə gətirib: “Ya bazarda qiymətlər tənzimlənməli, ya da bazarda qiymətlər dəyişdikcə bu məsələyə yenidən baxılmalıdır. Çünki, qiymətlər vaxtaşırı dəyişir, lakin pensiya həmin məbləğdə qalır. Bu, heç bir əlavə gəliri olmayan 150-200 manat alan pensiyaçıya bazarlıq, dərman, kommunal ödənişlərini yerinə yetirməsində çətinliklər yaradır”.

Hamiləliyə, doğulan uşağa və onun böyüməsi üçün müavinətlər artırılması təklifini irəli sürən deputat vurğulayıb ki, Qarabağ veteranlarına verilən 56 manat müavinət, onlar pensiyaya çıxan zaman azaldılmamalıdır: “Şəhid ailələrinə verilən birdəfəlik sığorta pulu da təkcə hərbiçilərə aid olmamalıdır. Əgər bu insan müharibə zonasında yaşayıb, həmin dövrdə müharibədə şəhid olubsa, amma hərbiçi deyilsə ona sığorta pulu verilməməlidir? Təbii ki, bunlar təkliflərdir və mənimlə yanaşı bir sıra həmkarlarım da bu istiqamətdə öz təkliflərini irəli sürüblər. Amma onların nə dərəcədə reallaşacağını əlbəttə ki, maliyyəçilər, iqtisadçılar tərəfindən götür qoy edildikdən və bu təkliflərin həyata keçirilməsinin mümkünlüyünə baxıldıqdan sonra söyləmək mümkün olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə