SOCAR radar peyk təsvirlərinin köməyi ilə tədqiqat aparacaq

SOCAR gələn ildən radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda deyilir.

Dövlət Proqramının Tədbirlər Planına görə, 2019–2022-ci illərdə SOCAR, Energetika, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təbii ehtiyatların, faydalı qazıntıların hasilatı sahəsində dəyişikliklərin, o cümlədən neqativ təbii proseslərin (karst, yer səthinin çökməsi, subasmalar, bataqlıqlaşma) dinamikasının öyrənilməsində peyk təsvirlərindən istifadə edəcək.

Bundan başqa, SOCAR Dövlət Proqramının əhatə etdiyi illərdə radar peyk təsvirlərinin köməyi ilə geoloji öyrənilmə və neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq. Şirkət, həmçinin quru ərazidə neft-qaz boru kəmərlərinin optimal marşrutunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edəcək. SOCAR tərəfindən radar peyk təsvirlərinin köməyi ilə neft-qaz boru kəmərlərinin səth hərəkətinin monitorinqi aparılacaq, quruda və suda neft və qaz obyektlərinin (kəmərlər, qurğular və platformalar) monitorinqində peyk təsvirlərindən istifadə olunacaq.

Energetika Nazirliyi və SOCAR birgə neft-qaz boru kəmərlərinin CİS-də qeydə alınmasında və məlumat bazasının yaradılmasında peyk təsvirlərindən istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə