Gələn ilk büdcəsində xərclər niyə artdı?

2019-cu ildə dövlət büdcəsinin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 116,9 milyon manat və ya 16,1 faiz çoxdur. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində deyilir.

Xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.

Yerli xərclərin 238,4 milyon manatı və ya 28,4 faizi təhsil xərclərinə (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 231,5 milyon manatı və ya 27,5 faizi səhiyyə xərclərinə, 230,9 milyon manatı və ya 27,5 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 110,0 milyon manatı və ya 13,1 faizi icra hakimiyyəti orqanlarının saxlanması xərclərinə, 8,6 milyon manatı və ya 1,0 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 21,4 milyon manatı və ya 2,5 faizi isə digər xərclərə yönəldiləcək.

2019-cu ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 1862,6 milyon manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından, xaricdən cəlb edilən kreditlər və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...