Bazarlarda qiymətləri əhalinin xeyrinə tənzimləyəcək LAYİHƏ -ARAŞDIRMA

2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsində də özünü göstərməkdədir. Son 15 ildə bu sahədə də böyük işlər görülüb, uğurlar əldə edilib. Bu illər ərzində ölkəmizdə Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib, 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilib ki, bu da nəticə etibarı ilə fermerlərə, sahibkarlara əlverişli şərait yaratmaqla yanaşı, kənd təsərrüfatının inkişafına da öz təsirlərini göstərib.

Statistikaya əsasən, meliorasiya və su təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı nəticəsində bu sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər, sistem üzrə işçilərin əməkhaqqı isə 7,4 dəfə artıb. Bu istiqamətdə həyata keçirilən növbəti uğurlu layihə ötən gün İmişlidə Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi ilə reallaşdı.

“İstifadə olunmayan torpaqlarla bağlı problem həllini tapacaq”

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev söyləyib ki, kanalın istifadəyə verilməsi minlərlə hektar torpağın su ilə təmin olunması deməkdir: “Bu, kanal boyunca yerləşən zonalarda kənd təsərrüfatı sahəsinin inkişafına geniş imkanlar açacaq. Layihə həmçinin şoranlaşmış torpaqların yuyulması, dövriyyədən çıxan torpaqların yenidən dövriyyəyə qaytarmaq üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, kanalların açılması, bərpası və onların saxlanması 10 milyonlarla vəsait hesabına başa gəlir.

Ölkəmizin iqtisadi vəziyyəti gücləndikcə, bu cür layihələrin daha tez-tez reallaşdığının şahidi oluruq. Bu cür layihələr həm bölgənin ümumilikdə inkişafı, həm də rayonların sosial səviyyəsinin mərkəzi şəhərlərin səviyyəsinə qaldırmağa imkan yaradır. Ölkəmizdə istifadə olunmayan torpaqlar var ki, onların meliorasiyaya ehtiyacı var. Sözügedən kanal bu problemin də qarşısının alınmasına kömək edəcək”.

Bundan kimlər yararlanacaq?

Deputat söyləyib ki, İmişlidə reallaşan layihədən ilk növbədə fermerlər yararlanacaq: “Bu, emal sahələri üçün xammal olmaqla yanaşı, orada bu sahə üzrə fəaliyyət göstərən müəssisələr, daha sonra isə istehlakçılar üçün faydalı olacaq. Kanalın gətirəcəyi əsas faydalardan biri məhsul bolluğu ilə bağlı olacaq”.

Layihə yeni iş yerlərinin açılmasına səbəb olacaq”

Araz çayının yeni qol-kanalının açılmasının yeni iş yerlərinin açılmasına səbəb olacağını deyən deputat söyləyib ki, nədənsə yeni iş yerlərinin açılması deyəndə insanlar dövlət tərəfindən hər hansı müəssisənin açılacağını düşünür: “Artıq ölkəmizdə əsas inkişaf istiqaməti qeyri-neft sektoru ilə bağlıdır. Bu sektorda kənd-təsərrüfatı sahəsinin inkişafının mühüm rolu var.

İstər texniki bitkilər, istər meyvə-tərəvəz, istərsə də digər məhsulların əkilməsi bizim üçün hava su kimi vacibdir. Çünki bunun sayəsində həm ölkəmizin ərzaq təhlükəsizliyini, həm də digər ölkələrə ixracımızı artırmaqla valyuta ehtiyatımızı artırmış oluruq.

Bir sahəyə investisiyanın qoyulması, digər sahələrə də yatırımların olacağından xəbər verir. Bu, nəticə etibarı ilə yeni iş yerlərinin açılmasına səbəb olacaq”.

“Kəndlinin kənddə qalıb işləməsi üçün hər cür şərait yaradılır”.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev: “İmişlidə Araz çayının yeni qol-kanalının açılması, kənd təsərrüfatı, aqrar sektorunun güclənməsi, meliorasiya işlərinin yaxşılaşması, suvarılan ərazilərinin miqyasının artırılması ölkəmizin inkişafının göstəricisidir. Bu kanal vasitəsilə artıq Azərbaycanda əvvəllər suvarılmayan, az məhsulu olan lakin istifadəyə yararlı olan hektarlarla torpaqların daha bol-bərəkətli, nemət verən torpaqlara çevriləcək.

Bu torpaqlarda yüzlərlə insan çalışacaq. Kəndlinin kənddə qalıb işləməsi üçün artıq dövlət tərəfindən hər cür şərait yaradılır.

Ölkəmizdə kəndli torpaq, su, ting, toxum, texnika ilə təmin olunur. Belə olan halda, kəndliyə bircə işləmək qalır. Bu mənada yeni suvarma kanalının açılması regionların sosial iqtisadi inkişafı ilə bağlı keçirilən proqramların tərkib hissəsidir və çox uğurlu nəticələrdən belədir”.

“Məşğulluqla bağlı problemlər aradan qalxacaq”

M.Quliyev söyləyib ki, kanalın çəkilməsi yeni əkin sahələrinin, bağların salınmasına səbəb olacaq ki, bu da nəticə etibarı ilə kənddə işsiz şəxslərin məşğulluq problemlərinin aradan qaldırılmasına yardım edəcək: “Bunun sayəsində minlərlə insanın həyat səviyyəsi yüksələcək. Kanaldan təkcə İmişli deyil, digər rayonlar da istifadə edəcək. İstənilən şəxsin arzu etdiyi yerdə torpaq icarəyə götürmək imkanının olduğunu nəzərə alsaq, kanal digər rayonlarda yaşayan kənd təsərrüfatı ilə məşğul olanların da fəaliyyətinə müsbət təsir göstərəcək”.

“Yay fəslində su ilə bağlı problemlərin qarşısı alınacaq”

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin Tədris-təhsil mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev söyləyib ki, su olan yerdə hər zaman inkişaf var: “Kanalın açılması məhsuldarlığı artıracaq, məhsuldarlıq növbəlilik məsələsinin həll edilməsi, eləcə də əhalinin gündəlik su tələbatı ilə bağlı problemləri həll olunacaq.

İndiyədək həmin ərazidə yerləşən ətraf rayonların çoxu, xüsusilə də fermerlər yay fəslində sudan əziyyət çəkirdilər. Bunun qarşısının alınması istiqamətində mühüm layihə həyata keçirildi. Lakin burada maraqlı məqam layihənin reallaşmasında ən müasir texnikalardan istifadə edilməsidir. Burada ən müasir suvarma sistemləri üçün vacib olan tikinti materialları, kanal üçün zəruri olan çöküntü saxlamayan drenaj hissələrindən istifadə olunub ki, bu da suyun itkisiz gedərək, son məhsula çatmasına müsbət səbəb olur ”.

“Bazarlarda qiymətlər əhalinin xeyrinə tənzimlənəcək”

Professor qeyd edib ki, layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı sosial əhəmiyyəti də var: “ Belə ki, insanlar sudan istifadə zamanı qənaət sisteminə riayət etməlidir. Quraqlıqda suya azaldığı təqdirdə, Araz çayının yeni qol-kanalında da suyun azalacağı təbiidir.

Uzun müddətli yağışlar nəticəsində Araz daşdıqda orada da suyun miqdarı çoxalacaq.

Bunun tənzimləmək üçün xüsusi qurğular tikilib ki, bunun özü də müsbətdir.Amma burada vətəndaşlar da məsuliyyətli olmalıdırlar.Bu gün torpaqlarımızın hamısı ayrı-ayrı fermerlərin, sahibkarların mülkiyyətindədir. Kanal vasitəsilə onların suya olan tələbatı birbaşa ödəniləcək.

Mal-qaranın saxlanması, tənəkçilik, üzümçülük, taxılçılıq, kartofçuluq sahəsində suya tələbat çox olduğundan onların su ilə təmin olması bu sahələrdə məhsuldarlığın artmasına səbəb olacaq. Keyfiyyətli məhsul çoxluğu bazarlarda qiymətlərin əhalinin xeyrinə tənzimlənməsinə öz müsbət təsirini göstərəcək”.

“Qeyri-neft sektorunun inkişafı baxımından həll edicidir ”

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi əsas olaraq suvarmaya olan tələbin ödənilməsini nəzərdə tutduğu üçün ölkəmizdə aqrar sektorun inkişafı baxımından çox vacibdir: “Yeni qolun istifadəyə verilməsi, fermer təsərrüfatlarının suvarması zamanı suya olan tələbin ödənilməsi baxımından çox vacibdir. Bu, həmçinin yerli fermer təsərrüfatlarının eləcə də qeyri-neft sektorunun inkişafı baxımından həll edicidir. Çünki, aqrar sektorun inkişafı üçün bu tip kanallara və suvarmanın olmasına ehtiyac var”.

Ekspert bildirib ki, məsələyə regionların inkişafı kontekstindən yanaşdıqda, layihə həm İmişlinin, həm də ümumilikdə regionların inkişafı baxımında da çox vacibdir: “İmişli aqrar sektorun inkişaf etdirilməsi həm rayondaxili, həm də bütövlükdə respublika daxili aqrar məhsullara tələbin ödənilməsində sözügedən rayonun töhfəsini artıracaq. Burada istehsal olunan məhsulların bir qismi paytaxt bazarına, digərləri isə rayon və şəhərlərin bazarına çıxarılacaq ki, bu da daxili istehsalın artması və tələbatın daxili istehsalla ödəniləsi baxımından vacibdir”.

V.Bayramov qeyd edib ki, layihə bir rayonu əhatə etsə də, bütövlükdə regionların inkişafına öz müsbət təsirini göstərəcək ki, bu da daxili tələbin ödənilməsinə töhfələri olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə