Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol Energetika Nazirləri Konfransı” çərçivəsində bir sıra görüşlər keçirib. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, Pərviz Şahbazovu ilk növbədə Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının sədr müavini Liang Veiliang və Milli Enerji Administrasiyasının nazir müavini Li Fanrongun daxil olduğu nümayəndə heyəti qəbul edib. Energetika naziri Azərbaycanın “Bir Kəmər - Bir Yol” təşəbbüsünün reallaşmasına dəstək verən layihələri, ölkənin karbohidrogen ehtiyatları və elektrik enerjisinin istehsalında bərpaolunan enerjinin payının artırılması ilə bağlı planları barədə ətraflı məlumat verib. SOCAR-la Çin Milli Neft Şirkəti (CNPC) arasında geoloji kəşfiyyat üzrə bu yaxınlarda imzalanmış müqaviləni əməkdaşlıqda yeni istiqamət kimi dəyərləndirib.

Çin nümayəndə heyəti isə Azərbaycanın enerji və nəqliyyat sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirib. Bildirilib ki, bu layihələr “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq üçün güclü əsaslar yaradır və Çin Azərbaycan kimi belə geniş imkanlara malik ölkə ilə əməkdaşlığa böyük önəm verir.

“Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik” İnstitutunun prezidenti Xie Qiuye ilə görüş zamanı isə Çin şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, xüsusilə bərpaolunan enerji mənbələri üzrə əməkdaşlığa maraq göstərmələri diqqətə çatdırılıb. Bu ölkənin Enerji Administrasiyasına və xaricdə fəaliyyət göstərən şirkətlərinə texniki dəstək verən institutun bərpaolunan enerji mənbələri sahəsində fəaliyyətlərinə uyğun Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Adnan Aminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də müzakirə edilib.

Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kangla görüşdə isə “Cənub Qaz Dəhlizi” layihələri, o cümlədən “Trans-Adriatik” (TAP) kəmərinin icra vəziyyəti, Avropa qaz bazarının şaxələndirilməsində rolu, eləcə də təşkilatla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq Qaz İttifaqının Azərbaycanla birgə tədbirlər keçirməsinin vacibliyi qeyd olunub.

Enerji Xartiyasının baş katibi Urban Rusnakla görüşdə Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində görüləcək işlər, konfransa hazırlıq prosesi, 2019-cu ildə keçiriləcək birgə tədbirlər və müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Pakistanın energetika naziri Ömər Əyyub Xanla da görüş olub. İki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığı və enerji sektorunda əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Ekoloji cəhətdən təmiz enerjidən istifadə üzrə ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə