SOCAR AQŞ “İlin təlim şirkəti” seçilib

Davamlı İnkişaf və Təlim Beynəlxalq Assosiasiyası (IACET PNG) tələbələr üçün təşkil olunan yay istehsalat təcrübəsi proqramı üzrə SOCAR AQŞ-ni “İlin təlim şirkəti” kimi qiymətləndirib. Müəssisədən AZƏRTAC-a bildirilib ki, müvafiq mükafat neft-qaz sənayesində təlim proqramlarının effektiv təşkili üzrə aparılan təhlillərə əsasən şirkətlərə təqdim olunur. Tələbələr üçün təşkil olunan yay istehsalat təcrübəsi müəssisənin sosial korporativ məsuliyyət proqramının bir hissəsi kimi yerli və xarici universitetlərdə bakalavr və magistr dərəcəsi üzrə təhsil alan tələbələrə şamil edilir. Proqram çərçivəsində SOCAR AQŞ ilə ABŞ, Avropa və Asiyanın tanınmış universitetləri arasında ikitərəfli əməkdaşlıq geniş vüsət almaqdadır.

Müəssisə istedadlı gənclərin cəlb olunması istiqamətində dünya səviyyəli istehsalat təcrübəsi proqramı təşkil edir. Hər il yüzlərlə gənc tələbə təcrübə proqramında iştirak etmək üçün müvafiq qaydada sənədlərini müəssisəyə təqdim edirlər. Əməliyyatların optimallaşdırılması, layihələrin idarəolunması, risklərin idarəolunması, biznesin inkişafı, iqtisadi planlaşdırma və xərclərə nəzarət kimi təlimlərdə iştirak etmək fürsəti əldə edən tələbələr bilik və bacarıqlarını daha da təkmilləşdirmiş olurlar.

Qeyd edək ki, SOCAR AQŞ bu ilin iyun ayında etibarən IACET PNG-nin üzvüdür. IACET PNG-nin missiyası akkreditasiya vasitəsi ilə keyfiyyətli təlim və inkişaf üçün standartları təmin etməklə qlobal səviyyədə işçi qüvvələrini inkişaf etdirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə