Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması işləri yekunlaşı

Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomobil yollarının yenidən qurulması çərçivəsində uzunluğu 13.8 kilometr olan Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.

Yolboyu yeni yol yatağı inşa olunub. Bu çərçivədə yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədilə yol yatağı 1-1.4 metr hündürlüyə qaldırılıb. Daha sonra yol əsasının inşası işləri aparılıb.

Torpaq işləri başa çatdıqdan sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri yolun təqribən 100 min kvadratmetr sahəsində aparılır.

Bundan başqa, layihəyə uyğun olaraq 2 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton boru quraşdırılıb. Layihənin zəruri ərazilərində yeni piyada səkiləri və yol ayrıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.

Yenidənqurma və bərpa işləri tamamlandıqdan sonra yolboyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi işləri planlaşdırılır.

Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, sərnişin daşınması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq. İşlərin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə