"Forumunun hazırladığı hesabat qlobal siyasətə təsir edəcək sənəddir” RƏY-ÖZƏL

“Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarından hesab olunur. Bu forum yeganə qurumdur ki, dünyanın aparıcı dövlət və hökumət liderlərini bir araya yığmaq imkanına malikdir. Forumun hazırladığı hesabat isə praktiki olaraq dünyada qlobal siyasətə təsir edəcək sənəddir”. Bu fikirlər SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında yüksək qiymətləndirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, forumun illik görüşlərində mühüm məsələlərin müzakirə edilməsi göstərir ki, qurum qlobal məsələlərə təsir imkanına malikdir.

Son hesabatda qiymətləndirilmələrin yeni metodologiya əsasında həyata keçirildiyini deyən ekspert bildirib ki, yeni metodologiya hazırlanan zaman həm ümumi istiqamət, həm də digər sütun indikatorlar üzrə qiymətləndirilmə aparılıb: “ Hesabatın təhlili göstərir ki, Azərbaycan bir neçə istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. Ölkəmizin biznesin qeydiyyatdan keçmə indeksinə görə dünyada 17-ci, müflisləşmə normativ hüquqi bazasının yaradılmasına görə 17-ci, sahibkarlıq riskləri üzrə 21-ci və ideyaların şirkətə təsiri üzrə isə 25-ci yerdədir. Biznesin dinamikliyinə görə, Azərbaycan hesabatda 31-cidir ki, bunun özü müsbət məqam kimi qiymətləndirilə bilər”.

V. Bayramov söyləyib ki, Azərbaycan hesabatda iqtisadi indikatorlarla yanaşı, sosial, səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşıdır: “Azərbaycan bəzi indikatorlara görə, hətta ilk 15-liyə daxil olmaq imkanı da qazanıb ki, bura səhmdar idarəetmə, transfer xidmətlərinin səmərəliliyi indeksləri daxildir. Elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə, Azərbaycan birinci, eləcə də bəzi istiqamətlər, xüsusilə də sab indikatorlar üzrə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Hesabat hazırlandığı zaman yeni metodologiyadan istifadə olunduğuna görə, maliyyə stabilliyi, milli yığım kimi indikatorlar nəzərə alınmayıb ki, bu da nəticə etibarı ilə ölkələrin yerinə təsirsiz ötüşməyib”.

Ekspert qeyd edib ki, bütün hallarda Azərbaycan sözügedən hesabatda mövqeyini müsbət qiymətləndirmək olar: “Xüsusilə də sab indikatorlar üzrə ölkəmizin mövqeyinin yaxşılaşması, növbəti illərdə islahatların daha da dərinləşməsi və Azərbaycanın mövqeyinin gələcək hesabatlarda daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə