Neftin bahalaşması Azərbaycana nə vəd edir? RƏY-ÖZƏL

“2018-ci ildə dünya bazarında neftin qiyməti beynəlxalq maliyyə qurumlarının, eləcə də beynəlxalq təşkilatların proqnozlaşdırıldığından daha da yüksək oldu ki, bu da birbaşa Venesuellanın neft hasilatındakı azalmalar və İrana tətbiq edilən sanksiyalarla bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, Venesuellada iqtisadi böhran artıq neft sektorunu əhatə edir.

Onun sözlərinə görə, Venesuellanın neft ehtiyatlarına görə, dünyada ən böyük ölkə olmasına baxmayaraq, hazırda 1.3 milyon faiz inflyasiyanın müşahidə olunması burada böhrana səbəb olub: “Bu da neft hasilatının azalması və Venesuellanın dünya bazarında çıxardığı neftin həcminin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı İrana tətbiq edilən sanksiyalar da, bu ölkənin gündəlik neft ixracatının 1.1 milyon barel azalmasına, qiymətlərin isə proqnozlaşdırılandan daha çox artımına səbəb oldu”.

OPEC, Səudiyyə Ərəbistanı, ABŞ-ın neftin qiymətinin artırılması ilə bağlı çağırışlar etdiyini deyən V. Bayramov söyləyib ki, Səudiyyə Ərəbistanı dünya bazarına 1 milyon barel artıq neft çıxaracağına bəyan etsə də, hələ bunu reallaşdıra bilməyib: “Hazırda neftin dünya bazarında qiyməti yüksək olaraq qalmaqdadır. Beynəlxalq Enerji Agentliyi tərəfindən qiymətlərin yüksək olmasının qlobal mənfi təsirləri olacağını bəyan edib. Güman olunur ki, İrana qarşı sanksiyalar yumşaldığı təqdirdə neftin qiyməti də stabilləşə bilər”.

Ekspert vurğulayıb ki, hazırda neftin qiymətinin stabilləşməsi qlobal gündəmdə olan məsələlərdəndir: “Tərəflər də bunda maraqlı görünürlər. Əgər İrana qarşı snksiyalar qalarsa, indiki qiymətin qorunub saxlanacağı güman edilir. Bütün hallarda, tələb və təklifi, neftin qiymətinin siyasiləşdiyini nəzərə alsaq,o baxımdan uzun müddətli dövrdə neftin qiymətinin yüksək olacağı proqnozlaşdırılımır”.

Neftin qiymətinin bahalaşmasının ölkəmizə təsirlərinə gəldikdə V. Bayramov qeyd edib ki, Azərbaycanın ixracatının 90 faizini neft məhsulları təşkil etdiyini, dünya bazarına gündəlik 641 min barel neft ixrac etdiyini nəzərə alsaq, neftin bahalaşması ölkəmizə daxil olan valyuta axınını artırır ki, bu da sövlət gəlirlərini öz müsbət təsirini göstərir: “Amma Azərbaycan neftin dünya bazarındakı qiymətinin daha məzmun olmasında maraqlıdır. Çünki, yüksək qiymətlər sonradan qiymət enişləri ilə müşahidə oluna bilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə