Cavid Qurbanov: "Gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq"

"Ağdaş rayonundakı Ləki stansiyasından dönməklə Qəbələ rayonuna çəkiləcək dəmir yolu xətti üçün torpaq məsələsi artıq həll edilib, 20 km-lik torpaq yatağı hazırdır”. SİA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Orada relyef bir qədər çətindir. Biz Zaqataladan və Balakəndən çınqıl daşımaqla yeni yol yatağının hazırlanması ilə məşğuluq. Bir neçə ay oradakı qoruqla bağlı problemimiz olub. Ancaq Prezidentin tapşırığı ilə həmin məsələni həll etdik. O, yolun maliyyəsi ayrılıb və tikintisi davam etdirilir. Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq", - deyə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri qeyd edib.

C.Qurbanov həmçinin bildirib ki, bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq: "Bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda "Wi-Fi” quraşdırılacaq”.

QSC sədri deyib ki, Bakı-Gəncə qatarının sürəti tədricən 150 km/saata çatdırılacaq: "Biz 159 km/saat sürətini sınaqdan keçirmişik. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bugünkü imkanı 150-160 km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə