Dünya bazarından neft bahalaşır, yoxsa qlobal oyunlar gedir? RƏY-ÖZƏL

Neft istehsal edən böyük şirkətlər qara qızılın barrelinin 2014-cü ildən sonra ilk dəfə olaraq 100 dollara çatacağını proqnozlaşdırırlar. Son məlumatlara görə, neftin qiymətinin qalxması ABŞ-ın sanksiyaları səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlər Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barel daha az neft daxil olacağını, bunun da 2019-cu ilin əvvəlində qiymətlərin artımına səbəb ola biləcəyini bildirirlər.

Bəs görəsən dünya neft bazarında nə baş verir və reallıq nədən ibarətdir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bir tərəfdən OPEK+ razılıq əldə edə bilməməsi, digər tərəfdən də ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qlobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb olması tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır: “Brent” markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu Azərbaycan neftin hər barelinin 80 dollardan daha baha satılması deməkdir. OPEK-in son toplantısından sonra JP Morgan Brent markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən isə, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına rəğmən neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barel artacağı proqnozlaşdırılır ki, bu da 2040-cı ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir”.

Ekspert qeyd edib ki, artıq ABŞ prezidenti Donald Trampın tvitləri neft bazarına olan təsirini itirib: “Əslində bu tvitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmnun olmadığını nümayiş etdirməkdir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görsənmir. Sanksiyalara məruz qalan İran isə OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi”.

300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft ehtiyatına malik olan Venesuelada iqtisadi böhranın neft sektorunu bürüdüyünü deyən V.Bayramov söyləyib ki, ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır.

Ekspert qeyd edib ki, Azərbaycanın gündəlik neft ixracatın 641 min barel olduğunu nəzərə aldıqda qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir: “Bu vəsaitdən xərc çıxarılandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir”.

Bu ilin noyabr ayının neft bazarı üçün əhəmiyyətli olacağını dilə gətirən ekspert əlavə edib ki, həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi hətta “Ağ Ev”də belə dəyişikliklərə səbəb ola bilər: “Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə