OPEC neft hasilatını yenidən artıracaqmı?

Qlobal neft bazarı sentyabrın 23-də Əlcəzairdə keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – X iclasına və yığıncaqda qəbul ediləcək qərarlara fokuslanıb.

Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi və ümumilikdə 23 ölkənin nümayəndələrinin iştirakının nəzərdə tutulduğu iclasda neft bazarının inkişaf tendensiyaları, avqustda “qara qızıl”ın hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Həmçinin cari il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

İclas çərçivəsində təşkil ediləcək mətbuat konfransında OPEC-in 2018-ci il üzrə “World Oil Outlook” hesabatı təqdim olunacaq. Təqdimat mərasimində Əlcəzairin energetika naziri Mustapha Guitouni və OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo iştirak edəcək. Həmçinin ilk dəfə “World Oil Outlook” hesabatı üçün “Smart APP” təqdim ediləcək. Bu applikasiya nəşrin təhlili və enerji məlumatlarını daha rahat əldə etmək imkanı yaradır.

JMMC-nin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada keçirilib. Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılan Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Rəsmi Moskva: Neft hasilatı gündəlik 1 milyon barreldən daha çox artırıla bilər

Rusiyanın energetika naziri Aleksandr Novak Əlcəzair görüşdə neft hasilatının sutkalıq 1 milyon barreldən daha çox artırılması imkanlarının nəzərdən keçiriləcəyini deyib. O bildirib ki, neftin bir barreli üzrə 70-80 dollar səviyyəsindəki mövcud qiymət müvəqqətidir.

A.Novakın fikrincə neftin qiyməti uzun perspektivdə 50 dollar/barrelədək ucuzlaşacaq.

İran: Birgə Monitorinq Komitəsi yeni tədarük qaydasını tətbiq etmək hüququna malik deyil

Körfəz ölkəsinin neft naziri Bijən Namidar Zəncənə bildirib ki, OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi yeni tədarük qaydasını tətbiq etmək hüququna malik deyil: “Birgə Monitorinq Komitəsinin yeni istehsal sazişinə dair hər hansı qərar qəbul etməsi qanunsuz olacaq. Belə qərarlar yalnız bütün OPEC üzvlərinin yekdil rəyi ilə verilə bilər”.

Nazir neft hasilatının azaldılmasına dair 2016-cı ildə imzalanan sazişin kağız üzərində qaldığını deyib. Qeyd edib ki, İran OPEC tərəfindən bu ölkənin mənafeyinə zidd olan hər cür qərara veto qoyacaq.

Bijən Namidar Zəncənə Əlcəzair görüşündə iştirak etməyəcək.

Donald Tramp: OPEC neftin qiymətini azaltmalıdır

ABŞ Prezidenti Donald Tramp iclas ərəfəsində yenidən OPEC-i günahlandırıb. O öz “twitter” səhifəsində bunları yazıb: “Biz Yaxın Şərq ölkələrini qoruyuruq, biz olmasaq onlar uzun müddət təhlükəsiz şəraitdə qala bilməz. Onlar isə neftin qiymətini daha da yüksəltməyə davam edir. Bunu unutmayacağıq. OPEC indi neftin qiymətini azaltmalıdır”.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəllər də OPEC-in yığıncaqları ərəfəsində karteli hədəf olan bəyanatlara çıxış edib.

Analitiklər: Bazar neft tədarükünün artırılmayacağı qənaətindədir

Neft bazarı Əlcəzair görüşündə OPEC və bəzi qeyri-OPEC ölkələrinin neft tədarükünün artırılması barədə qərar verməyəcəyi qənaətindədir. Məhz bu səbəbdən də neftin qiyməti hazırda yüksək səviyyədədir.

Bununla yanaşı, ekspertər orta müddətdə neftin qiymətinin 79-80 dollar/barrel olacağını düşünür.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 79,66 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 71 dollara alıcı axtarır.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...