Qlobal valyuta bazarında nə baş verir? RƏY

“Region ölkələrində valyutaların düşüşündən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur. Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, baş verənlər göstərir ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var: “Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir”.

Ekspertin sözlərinə görə, Rusiya rublu da yaxşı günlərini yaşamır: “Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludların” çəkildiyini söyləmək tezdir”.

V. Bayramov qeyd edib ki, ABŞ prezidenti Donald Trampın son tviti avroya yenidən nəfəs qazandırır: “O Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatların Sisteminin uçot stavkasının artırılması ilə bağlı siyasətini tənqid edib. Belə görünür ki, Tramp Administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın “ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə, o zaman avronun yenidən möhkəmlənməsi mümkündür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə