Xəzərin statusu ilə bağlı Konvensiyaya İQTİSADİ NƏZƏR-ÖZƏL

Xəbər verdiyimiz kimi avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar. Tarixi sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bir sıra sənədlərlə yanaşı Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş də imzalanıb.

SİA Konvensiyanın sənədi imzalayan 5 ölkəyə gətirəcək iqtisadi dividentləri təqdim edir.

“Beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi artacaq”

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Xəzərin statusunun müəyyənləşdirilməsinin təkcə siyasi deyil, həm də iqtisadi tərəfləri var: “Qazaxıstanda imzalanan Konvensiya beynəlxalq yük daşımalarının həcminin artmasına, yüklərin daha çox Xəzəryanı ölkələr və Xəzər vasitəsilə daşınmasına imkan verəcək. Belə olan halda, Azərbaycan da Xəzəryanı ölkə olduğu üçün beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcminin müəyyənləşdirilməsi baxımından faydalanan ölkələrdən olacaq. Çünki, Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının qurulması məhz elə ölkəmiz üzərindən daşınan yüklərin həcminə təsir göstərəcək ki, bu da ölkəmizin beynəlxalq yük daşımalardan əldə etdiyi gəlirin həcminə müsbət təsir göstərəcək. Beləliklə, Xəzəryanı ölkələr daxil olmaqla Xəzər üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə olunacaq və bu da sözügedən ölkələrin gəlirlərinin artması baxımından vacibdir. Xəzərin statusunun müəyyənləşdirilməsi həm də kəmərlərin inşası baxımında çox vacibdir. Xəzəryanı ölkələr enerji resurslarına malik ölkələrdir və status müəyyənləşdikdən sonra onların fərqli bazarlara çıxış əldə etmək imkanı açılır. Bu da təbii ki, Xəzəryanı ölkələrin öz enerji resurslarından daha çox gəlir əldə etmək şansı yaradır. Xəzərin statusunun müəyyənləşdirilməsinin ən böyük iqtisadi xeyirlərindən biri mübadilə yataqlarının istifadəsi imkanlarının yaranmasıdır. Anlaşmaya əsasən, ölkələr ikitərəfli razılıq əsasında yataqlardan istifadə edəcəklər. Azərbaycan artıq Rusiya və Qazaxıstanla belə bir anlaşma da imzalayıb. Oxşar anlaşma İran prezidentinin Azərbaycana səfəri zamanı imzalanmışdı. Mübadilə yataqlarından birgə istifadə edilməsi Məhz Xəzəryanı ölkələrin daha çox gəlir əldə etməsinə imkan verəcək. Konvensiyanın imzalanması Xəzəryanı ölkələr üçün böyük dividentlər gətirəcək. Bundan sonra ölkələr anlaşmanın yaratdığı imkanlardan faydalanaraq daha çox gəlir etmək imkanı qazanacaqlar”.

“Sənədin imzalanması ilə problemlər aradan qaldırılmış oldu”

"Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban isə söyləyib ki, Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya bütün Xəzəryanı ölkələrin bundan sonra özlərini hüquqi müstəvidə necə aparmasını qanuniləşdirir: “Əgər bundan əvvəl ölkələr öz araların dil tapmağa çalışırdılarsa, artıq bu hüquqi müstəvidə həllini tapmış oldu. Bundan sonra ölkələr sənəd əsasında nəyi edib-etməyəcəklərini müəyyənləşdirmiş oldular. Bu da region üçün bir stabillik şəraiti yaradır. Azərbaycan indiyədək öz mineral, karbohidrogen ehtiyatlarından necə hasil edirsə, bu işlər bundan sonra da davam etdiriləcək. Çünki Xəzərin dibi sektoral bölgü ilə öz əksini tapıb. Şimal hissə qeyd olunduğu kimi Rusiya, Azərbaycan, Qazaxıstan arasında orta xətt prinsipi ilə necə bölünübsə, tövsiyə olunub ki, Xəzərin cənub hissəsi də bu prinsip əsasında bölünsün. Burada məcburiyyət yoxdur sadəcə tövsiyə var ki, bu da məsələlərin ölkələrin qarşılıqlı konsersium əsasında həllinə imkan yaradır. Hər kəsə məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı aparılan uzun müddətli danışıqlar zamanı Azərbaycanın İran və Türkmənistan arasında müəyyən narazılıqlar var idi. Artıq sənədin imzalanması ilə problemlər aradan qaldırılmış oldu”.

“Azərbaycanın sazişdən əldə edəcəyi dividentləri daha çoxdur”

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, bu günə qədər Xəzərdə statusun müəyyənləşdirilməməsi ilə bağlı dəfələrlə ciddi problemlər yaranırdı: “Xüsusilə də Xəzərdə resursların işlənməsi ilə əlaqədar daha geniş fəaliyyət həyata keçirən ölkələrdən birinin Azərbaycan olduğunu nəzərə alsaq, bu məsələnin həllini tapmaması müəyyən çətinliklərə səbəb olurdu. Hətta bu məsələlər Azərbaycanınla xarici neft şirkətləri arasında razılaşmalara da təsir göstərə bilirdi. Bu baxımdan düşünürəm ki, Xəzərin statusu ilə əlaqədar Konvensiyanın imzalanması artıq Xəzərin Azərbaycan hissəsində ölkəmiz tərəfindən həyata keçirilən iqtisadi fəaliyyətlərin birbaşa olaraq hüquqi çərçivəyə salınması və bunun beynəlxalq tərəfdaşlar tərəfindən birmənalı tanınmasını şərtləndirəcək. Konvensiyanın imzalanması ilə artıq hər ölkə öz sərhədlərini müəyyənləşdirdi. Bunun nəticəsində 5 ölkə Xəzərdə öz fəaliyyətini daha da aktivləşdirəcək. Rusiya, Qazaxıstan, Türkmənistan və İranın bu hissədə fəaliyyətini aktivləşdirməsi Azərbaycan üzərindən yüklərin daşınması, tranzit imkanlarımızdan istifadə olunması, bu günə qədər bu istiqamətə yönəldilən yatırımlardan daha çox gəlir əldə edilməsi üçün şanslar yaradır. Azərbaycanın Xəzəryanı ölkələrlə siyasi iqtisadi münasibətlərinin orta olduğunu nəzərə alsaq, hazırda ölkəmizin bu sazişdən əldə edəcəyi dividentləri daha çoxdur. Azərbaycan Konvensiyadan öz iqtisadi maraqlarını təmin etməklə bölgənin tranzit mərkəzinə çevrilə bilər. Xəzər Hövzəsində Azərbaycanın payına düşən hissədə ölkəmizin maraqlarını qorumaq və bu hissələrin resurs ehtiyatlarının işlənməsi üçün xarici şirkətlərlə daha rahat şəkildə, heç bir müdaxilə olmadan razılaşmalar əldə etmək imkanların yaranması ölkəmizin iqtisadiyyatına və gələcək inkişafına pozitiv təsir göstərəcək. Azərbaycanın Xəzərdən Avropaya çıxış qapısı olduğunu nəzərə alsaq, bu iqtisadi əməkdaşlıqdan ölkəmizin alacağı pay əhəmiyyətli səviyyədə artacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə