“Xaricdən idxal olunan benzin növlərinin qiymətini Tarif Şurası tənzimləmir” - AÇIQLAMA - ÖZƏL

“Premium Euro-95” və “Super Euro-98” markalı yanacaqlar Azərbaycanda deyil, xaricdə istehsal edilir. Xaricdən idxal olunan benzin növlərinin qiymətini Tarif Şurası tənzimləmir”. Bunu SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O qeyd edib ki, bu növ benzinin qiymətləri xarici bazarda dəyişir: “Sözügedən benzin növlərinin qiymətinin artması xammalın qiyməti ilə bağlıdır. Xammalın qiyməti artırsa, istehsalçı - neftayırma zavodları da öz məhsullarının qiymətini artırmaq məcburiyyətində qalır. Biz də onu idxal edirik. Ona görə bizdə də qiymətlər dəyişir. Bu, bazarın qanunlarıdır”.

Qeyd edək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə