Regionda valyuta ilə bağlı vəziyyət nə vəd edir? RƏY-ÖZƏL

“Bu gün İran, Rusiya, Türkiyə ilə yanaşı, Türkmənistan, Qazaxıstanda da milli valyutanın ucuzlaşması prosesi gedir. Çünki, onların iqtisadiyyatı Rusiyadan asılıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

O bildirib ki, Rusiyada ayın 22-dən sanksiyaların ikinci etapı elan olunmalıdır və bundan sonra rus rublunun yenidən ucuzlaşması gözlənilir. Türkiyədə vəziyyətin göz önündə olduğunu deyən iqtisadçının sözlərinə görə, qardaş ölkədə 1 gündə 12 milyard pul xərclənib: “Bildiyiniz kimi Azərbaycanın bu ölkələrlə ticarət əlaqələri mövcuddur. Lakin Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması ölkədə bu sahədə stabilliyin qorunmasına xidmət edir”.

Regionda valyuta ilə bağlı çətin vəziyyətin arandığını dilə gətirən İ.Şaban söyləyib ki, hökumətlərdən bu cür vəziyyətlərdə böyük, səylər, çevik siyasət tələb edir: “Çox təəssüf ki, valyuta ilə bağlı problemlər olan ölkələrdə vəziyyətin gərginləşməsi təkcə iqtisadiyyatla bağlı deyil. Baş verənlər iqtisadi-siyasi vəziyyətin təzahürüdür”.

İqtisadçı vurğulayıb ki, Türkiyə ilə ABŞ arasında normal ticari əlaqələr hökm sürsə də, daha sonra yaranan problemlər qardaş ölkənin milli məzənnəsinin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxarıb: “Türkiyə enerji resurslarının idxalına vəsait xərcləyən 5 ölkədən biridir. Çünki, qardaş ölkə özünün enerji resurslarına malik deyil. Elə dövr olub ki, Türkiyə enerji idxalına 50-55 milyard dollar buna vəsait xərcləyib. 2017-ci ildə bu rəqəm 57 milyard dollara çatdı. Bildiyiniz kimi neftin dünya bazarında bahalaşması ilə elektrik enerji, qazında qiymətləri artır. Bütün bunlar Türkiyənin iqtisadiyyatına təsirsiz ötüşmür. Bundan əlavə qardaş ölkə texnoloji baxımından Qərbdən asılıdır. Çünki, Türkiyədə maşınqayırma mexanizmlərini idxal edir”.

İ.Şaban əlavə edib ki, hazırkı vəziyyətdə valyuta ilə bağlı problem yaşayan ölkələrin dollardan imtina etməsi mümkünsüzdür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə