Bakı, Salyan, Hacıqabul və Saatlıda yerləşən təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır

Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilir.

Xidmətdən SİA-ya verilən məlumata görə, dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin təmizliyinə fikir verilib.

Mexaniki təmizlikdən sonra dezinfeksiyanın asan və yaxşı getməsi üçün hər kvadrat metr sahəyə 0,5 litr 1 faizli kaustik soda məhlulu ilə çiləmə aparılıb.

Profilaktik dezinfeksiya məqsədilə almerdehyde, ektosan və 5 faizli kaustik soda məhlullarından istifadə edilib. Dezinfeksiya məhlulları obyektlər üzərinə güclü axın halında və ya xırda damlalar şəklində səpilib.

Dezinfeksiyadan sonra təsərrüfatin qapı və pəncərələri açılaraq bina daxilində ikitərəfli hava cərəyanı yaradılaraq qaz halında olan zəhərli birləşmələr təmizlənib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Tədbirlərin bundan sonra da ardıcıl şəkildə aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində respublikada 2 497 216,13 kv. metr sahə profilaktik, 369 611 kv. metr sahə məcburi dezinfeksiya, 69 100 kv. metr sahə dezinseksiya və 1186 kv.metr sahə deratizasiya tədbirlərinə cəlb edilib.

Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə