“Azərkosmos” ASC müsabiqənin nəticələrini elan edib

“Azərkosmos” ASC növbəti dəfə – 2018-2019-cu illər üzrə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib. Artıq üçüncü dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötən ilki müsabiqələrdə olduğu kimi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 23 təklif təqdim edilib.

“Azərkosmos” ASC-dən SİA-ya bildiriblər ki, müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, “Azersky” peykindən alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları iyulun 18-də “Azərkosmos” ASC-də keçirilən müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən səkkiz təklif qalib seçilib. İştirakçıların sorğusuna əsasən “Azersky” peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub.

Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək. Qalib layihələrin hesabat sənədlərində əsasən, Azərbaycanın dağlıq ərazilərində torpaq, kənd təsərrüfatı və meşə resurslarının dinamikasının qiymətləndirilməsi, çay daşqınlarının və onların fəsadlarının proqnozlaşdırılması, göllərin ekologiyası və dəyişmə dinamikası, sahil xəttində neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin spektral xarakteristikaları, qar-su ehtiyatının proqnozlaşdırılması və bu kimi digər məsələlərin “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykindən əldə edilən peyk təsvirləri vasitəsilə öyrənilməsi öz əksini tapacaq və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə