Maksim Oreşkin: "Biznes Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının əsasını təşkil edir"

Biznes Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının əsasını təşkil edir. Trend-in məlumatına görə, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının iclasında RF-nin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. Nazir bildirib ki, Şuranın fəaliyyəti əhəmiyyətli dərəcədə iki ölkə arasında əmtəə dövriyyəsinin artırılmasına xidmət edir: "2018-ci ilin 5 ayı ərzində əmtəə dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 21 faiz artaraq 900 milyon dolları ötüb" .

M.Oreşkin qeyd edib ki, Rusiya tərəfdən Şuranın üzvləri 50 şirkətdir: "Bunlar Azərbaycanda perspektiv layihələrin reallaşdırılmasına maraq göstərən banklar və sənaye şirkətləridir".

O əlavə edib ki, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcmi təqribən 1,5 milyard dollar təşkil edir: "Söhbət neft-qaz sektoru, maşınqayırma, əczaçılıq, kimya sənayesi, bank fəaliyyəti kimi istiqamətlərdən gedir. Azərbaycan tərəfi də investisiyaların artırılmasında maraqlıdır. Hər şeydən əvvəl bu, aqrar-sənaye sektoru və turizm sahəsidir".

M.Oreşkin rəhbəri olduğu nazirliyin əsas vəzifəsinin iki ölkə arasında qarşılıqlı biznes fəaliyyətinin gələcək inkişafına şərait yaratmaq olduğunu deyib: "İkitərəfli əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib: bu, ilk növbədə, ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat potensialının inkişafı, Azərbaycan ərazisində birgə istehsalatın yaradılmasıdır".

İclas zamanı "R-Farm" şirkətlər qurupunun rəhbəri Aleksey Repik Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə