Dünyada balıq istehlakının həcmi artır

1961-ci ildən başlayaraq balıq məhsulları istehlakının həcmi Yer kürəsi əhalisindən iki dəfə sürətlə artır. Bu meyil növbəti onillikdə də davam edəcək. 2030-cu ilə qədər balıq istehsalının 201 milyon tona çatacağı gözlənilir. Bu da cari göstəricilərdən 18 faiz çoxdur. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində yer alıb.

FAO-nun baş direktoru Joze Qratsianu da Silva deyib: “Balıqçılıq sektoru FAO-nun dünyada aclığın və keyfiyyətsiz qidalanmanın aradan qaldırılması üzrə məqsədlərə nail olmasında həlledici əhəmiyyət daşıyır. Onun iqtisadi artıma, habelə yoxsulluğa qarşı mübarizəyə töhfəsi isə artır”.

Yarım əsrdən çox müddət ərzində balıq istehlakı artmaqdadır. 2016-cı ildə planetimizin sakinləri adambaşına 20,4 kiloqram balıq yeyib, halbuki 1960-cı ildə həmin göstərici 10 kiloqramdan az olub. Bu, dəniz məhsulları sektorunda istehsalın ötən əsrin 80 və 90-cı illərində sürətlə genişlənməsi sayəsində mümkün olub. 2016-cı ildə yetişdirilən balığın həcmi 80 milyon tona çatıb ki, bu da insanın istehlak etdiyi bütün balığın 53 faizinə bərabərdir.

Balıq sənayesinə gəldikdə isə 2016-cı ildə onun həcmi 79,3 milyon ton təşkil edib. Ekspertləri təşvişə salan budur ki, əsas ovluq balıq növlərinin 33,1 faizi “dəyişkən bioloji səviyyələrdə” ovlanır. Bu göstərici 40 il əvvələ müqayisədə üç dəfə yüksəkdir.

FAO-nun məruzəsində su ekosistemlərinin plastik kütlə parçaları ilə çirkləndirilməsi ilə bağlı problemlərin həllində əməkdaşlığın zəruri olması barədə də danışılır. Bunun üçün dünya okeanının çirklənmə səviyyəsini azaltmağa imkan verən profilaktiki tədbirlərə üstünlük verilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...