Energetika naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Vyanda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatınının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib.

Bildirilib ki, 2016-cı ildə əldə olunmuş razılığa əsasən OPEC+ ölkələri gündəlik neft hasilatını 1,8 milyon barrel azaltmalı olduqları halda, faktiki olaraq bu göstərici təxminən 2,8 milyon barrel təşkil edir. Bu isə neftə artan tələbatın ödənilməsində problemlər yaradır. Ona görə də neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir və həcmlər OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müzakirə əsasında müəyyənləşdiriləcək.

Energetika naziri Pərviz Şahbazov dünya neft bazarında proseslərin neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin maraqlarına uyğunluğunun təmin edilməsi üçün birgə səylər göstərilməsinin mühümlüyünü qeyd edib. Azərbaycanda neft hasilatı ilə bağlı hazırki və proqnozlaşdırılan imkanlar barədə məlumatı diqqətə çatdırıb. Dünya neft bazarının sabitləşdirilməsi prosesinin iştirakçısı kimi bundan sonra da ölkəmizin dəstəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə