"OPEC Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir"

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir. Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

M.Barkindo bildirib ki, OPEC Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir: "Bizim səylərimizi dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürümü çatdırıram. Azərbaycan Prezidenti nəinki təşkilatın səylərini dəstəkləyir, həmçinin də üç il bundan öncə Davos İqtisadi Forumunda OPEC və qeyri-OPEC ölkələrinin bir araya gəlməsi üçün çağırış etmişdi”.

OPEC-in baş katibi, həmçinin Azərbaycan Prezidentinə OPEC və qeyri-OPEC ölkələri Nazirlər Şurasının gələn il Bakıda keçirilməsi təşəbbüsü və dəvətinə görə də minnətdarlığını ifadə edib, gələn il Bakının bu tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini qeyd edib.

1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neftin məhz Bakıda çıxarıldığını qeyd edən M.Barkindo neft-qaz sənayesində işləyən hər bir mütəxəssisin Bakını ziyarət etməli olduğunu, neftin çıxarılması və emalı tarixi ilə burada daha da yaxından tanış olmasının vacibliyini bildirib. O, Azərbaycanın energetika naziri Pərviz Şahbazova da OPEC-lə qurulan əməkdaşlığa və dəstəyə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə