Dörd nəhəng seqmenti birləşdirən qlobal layihə - "Cənub Qaz Dəhlizi"

TANAP-ın istifadəyə verilməsi Azərbaycanın neft-qaz sənayesinin ən önəmli hadisələrindən biri kimi tarixə düşdü. TANAP-ın işə düşməsi Azərbaycanın təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. TANAP elə bir qlobal layihədir ki, təkcə ölkəmiz üçün deyil, həm də region və Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır. Çünki TANAP möhkəm bünövrəyə əsaslanır. Bu layihənin həyata keçirilməsi ideyasını irəli sürərkən Azərbaycan artıq Bakı-Supsa, Bakı-Novorossiysk, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişindəki zəngin təcrübəyə əsaslanmışdır. Üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçən BTC kimi nəhəng bir kəmərin inşası regionda möhkəm tərəfdaşlıq formatının əsasını qoymuşdur. Daha sonra BTC ilə yanaşı çəkilən Bakı-Tbilisi-Ərzurum kəməri geniş dəhlizlərə yol açmışdır. Bu gün Azərbaycanın liderliyi ilə gerçəkləşən "Cənub Qaz Dəhlizi"nin təməli də əslində elə bu kəmərlə qoyulmuşdur.

Təsadüfi deyil ki, bu il iyunun 12-də TANAP-ın istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, məhz bu məqamı vurğulayaraq demişdir: "TANAP ilə Xəzər qazı ilk dəfə Avropaya çatacaq. Şübhəsiz, Xəzər hövzəsindəki zəngin enerji ehtiyatlarının Avropaya nəqli fikrinin yeni olmadığını hamımız bilirik. Daha əvvəl bu məqsədlə bir sıra nəhəng layihələr həyata keçirmişik. Bu yola Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin inşası ilə başladıq. "Əsrin layihəsi" adlandırılan Bakı-Tbilisi-Ceyhan kəməri daha sonrakı fəaliyyətlərin də başlanğıcı oldu. Azərbaycan və Gürcüstan ilə strateji tərəfdaşlığımız ölkəmizə ilk dəfə Azərbaycan qazını gətirən Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsi ilə davam etdi".

İndi Azərbaycan yeddi ölkənin mavi yanacağa olan ehtiyacının önəmli bir hissəsini ödəyəcək möhtəşəm qaz dəhlizi çəkir. Ölkəmiz bu genişmiqyaslı işi yaratdığı möhkəm əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində həyata keçirir. "Cənub Qaz Dəhlizi"ndə yeddi ölkə - Azərbaycan,

Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya iştirak edirlər. Gələcəkdə layihəyə üç Balkan ölkəsinin qoşulacağı da gözlənilir. "Cənub Qaz Dəhlizi"nin daha sonra bir sıra digər ölkələrə də qaz ötürəcəyi istisna edilmir.

"Cənub Qaz Dəhlizi"nin qloballığı ondadır ki, dörd seqmentinin hərəsi nəhəng bir layihədir. Birinci seqment "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsidir. Xəzərdən sualtı xətlərlə Səngəçala çatdırılan "Şahdəniz" qazını oradan Azərbaycan-Gürcüstan sərhədinə qədər nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) dəhlizin ikinci seqmentini təşkil edir. Üçüncü seqment TANAP-dır və onun da əvvəlki iki hissə kimi artıq gerçəkliyə çevrilməsi "Cənub Qaz Dəhlizi"nin uğurla icra olunacağına inamı daha da artırır. Belə ki, TANAP-dan qazı qəbul edəcək TAP-ın (Transadriatik Qaz Boru Kəməri) tikintisi də rəvan gedir, orada işlərin 72 faizi tamamlanıb.

Bir tərəfi CQBK-ya, digər tərəfi TAP-a bağlanan TANAP "Cənub Qaz Dəhlizi"nin ən böyük hissəsidir. TANAP Azərbaycanın və Türkiyənin, bu iki ölkənin dövlət başçılarının birgə səyləri ilə həyata keçirilən layihədir. Odur ki, kəmərin istifadəyə verilməsi Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin növbəti bariz nümunəsini əks etdirir. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bunu bir daha vurğulamışdır: "TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir. Bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür".

TANAP Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə boyu uzanır. Bu o deməkdir ki, TANAP Türkiyənin, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. Kəmər Türkiyənin 20 vilayətindən, 67 rayonundan və Çanaqqala boğazında suyun altından keçir. TANAP-ın tikinti obyektlərində çoxsaylı iş yerləri açılmışdır ki, bu da həmin bölgələrin sakinləri üçün geniş məşğulluq imkanları yaratmışdır.

Bir sözlə, TANAP Türkiyəni regional enerji xətlərinin mərkəzinə çevirmək missiyasına bir addım da yaxınlaşdırmışdır.

Kəmərin açılışında iştirak edən bir sıra ölkə başçıları və mötəbər qurumların rəhbərləri də TANAP-ın istifadəyə verilməsinin "Cənub Qaz Dəhlizi"nin reallaşmasında mühüm amillərdən biri olduğunu bildirmişlər. Şimali Kipr xalqlarının lideri Mustafa Akıncı demişdir: "TANAP layihəsi

zamanımızın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə və oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına da töhfə verəcək".

Serbiya Prezidenti Aleksandr Vuçiç Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən bu layihənin Cənub-Şərqi Avropanın tərəqqisində mühüm rol oynayacağını, bu regiona yeni investorların gəlişinə təsir göstərəcəyini və Serbiyanın da inkişafına töhfə verəcəyini demişdir.

Ukrayna Prezidenti Petro Poroşenko layihənin uğurla icra olunmasında Azərbaycanın və Türkiyənin dövlət başçılarının xidmətlərini xüsusi qeyd etmişdir: "Azərbaycanın və Türkiyənin birgə qətiyyəti, eləcə də, digər Avropa ölkələrinin töhfəsi sayəsində "Cənub Qaz Dəhlizi"nin bu aparıcı seqmenti tamamlanıb. Bundan sonra bütün region enerji təhlükəsizliyi perspektivlərinin genişlənməsindən faydalana biləcək".

Əsas hissələrindən biri TANAP olan "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin həm də milli təhlükəsizliyi məsələsidir. "Cənub qaz dəhlizi"nin önəmi həm enerji təhlükəsizliyində, həm də enerji ehtiyatlarının şaxələndirilməsindədir. "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazı yeni marşrutlarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə