Yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 29294,0 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8 faiz, informasiya və rabitə sahələrində 6,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, digər xidmət sahələrində və həmçinin sənayedə 0,9 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.

ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə